Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərin hamısının meyiti ailələrinə təhvil verilib.
Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib.
O qeyd edib ki, daha 16 meyit bu gün səhər saatlarında ailə üzvlərinə təhvil verilib.
Xatırladaq ki, ölənlərdən 9-nun meyitinin şəxsiyyəti müəyyənləşdirilərək martın 3-də ailə üzvlərinə təhvil verilib.
Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?