Martın 27-də Bakının Nizami rayonunda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir. Eyni zamanda məlumatda hospitalın profili, personalı və maliyyələşməsi haqda bilgi verilmir.
Amerikanın Səsinin müxbirinin Səhiyyə Nazirliyindən bu suallara cavab almaq cəhdi baş tutmayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hospital Səhiyyə Nazirliyinin strukturuna daxil deyil.
Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb.
Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksin tikintisini UNICO firması həyata keçirib. Bu şirkət Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektləri inşa edib. Obyektin qiyməti açıqlanmır.
Hospitalın Facebook səhifəsindəki məlumata görə, onun inşasına 2014-cü ildə başlanılıb, 2017-ci ilin qışında başa çatdırılıb.
Xəstəxananın profilinə və personalına gəlincə, Linkedin səhifəsində deyilir ki, Bona Dea Avropa keyfiyyətli tibbi xidmət standartlarına əsaslanan beynəlxalq layihədir. Hospitalda Avropa İttifaqının aparıcı tibb müəssisələrinin işçiləri çalışır.
"Biz ən yüksək Avropa tibbi xidmət standartlarını təklif edirik. Bizim missiya pasientlərə yüksək xidmət təqdim etməkdir. Məqsədimiz Xəzər regionunda qərbi Avropa səhiyyə standartlarına uyğun fəaliyyət göstərən xəstəxanalardan birinə çevrilmək və JCI (Joint Commission International) akreditəsinə nail olmaqdır", məlumatda deyilir.
7 mərtəbəli hospitalın sahəsi 37,500 kv. m.-dir.
137 yerlik stasionar palata, 9 VIP palata, ürək-damar mərkəzləri, 10 əməliyyat otağı, 2 anjioqrafiya palatası var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?