Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb.
Məhkəmədə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə R.Rəhimov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
R.Rəhimovun ittiham olunduğu hadisə yerindən qaçma maddəsi isə hökmdən xaric edilib. Məhkəmə onun hadisə yerindən qaçmadığı qənaətinə gəlib. O, yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.
Bildirək ki, prokuror çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmək və hadisə yerindən qaçmaqda təqsirləndirilir.
R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov isə iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir./musavat
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?