Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə iclasında şahid qismində Səbael Rayon Yol Polis İdarəsinin əməldaşı Yasin Abbaslı ifadə verib.
O, bildirib ki, hadisə zamanı Bayraq meydanı istiqamətində xidmətdə olub, hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətini tənzimləməyə başlayıb: "Hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını gördüm. Bir neçə nəfər də mülki geyimli şəxs var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və nəsə mübahisə yaranardı. Onların təhlükəsizliyi baxımından belə bir addım atdım və yol kənarında dayanan 254 nömrəli yol polisi maşınının yanına göndərdim".
Sualları cavablandıran polis əməkdaşı söyləyib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi və maşının sənədləri olmayıb. Polis əməkdaşı Rəhim Rəhimovun hadisə yerindən necə getməsini bilmədiyini deyib.
Şahid Yasin Abbaslı onu da deyib ki, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparılıb. O və digər polis əməkdaşlarına töhmət verilib.
Məhkəmədə şahid qismində Rəhimovlar ailəsinin sürücüsü olan Əmrulla Şahbazov da dindirilib. O, iş üzrə əsas şahidlərdəndir. Belə ki, hadisə baş verən zaman qəzanı törətdiyini Əmrulla Şahbazov öz üzərinə götürmək istəyib və istintaqa belə ifadə verib.
Əmrulla Şahbazov məhkəmədə deyib ki, Rəhim maşını ondan istəyib: "Mənə dedi ki, ad gününə gedəcək. Atasına demədiyim üçün vermək istəmədim. Amma sonra verdim. Axşam zəng elədi ki, qəza törədib. Mən gedib müstəntiqə dedim ki, qəzanı özüm törətmişəm. Qorxumdan belə etdim. Çünki maşını atasından icazəsiz Rəhimə mən vermişdim. Amma müstəntiq dedi ki, maşını Rəhim sürüb".
Əmrulla Şahbazov bildirib ki, hadisə yerinə gələn zaman Rəhimi görməyib. Amma məhkəmədə məlum olub ki, o, istintaqda Rəhimi hadisə yerində gördüyünü deyib: "Mənə ağ vərəq verdilər. Ona imza çəkdim. Mən oxuya bilmirəm".
Məhkəmədə təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək əlavə şahid qismində hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşlarının dindirilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib. Lakin şahid qismində gələn həkimin vəsiqəsi olmadığından məhkəmə onu dindirməyib. Məhkəmənin qərarına əsasən, işi araşdıran müstəntiq də dindiriləcək.
İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrın 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, onun qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?