Cəlilabad Rayon Məhkəməsi şikayətlə bağlı icraata xitam verib
Cəlilabad rayonunun sabiq, Yasamal rayonunun hazırkı İcra Hakimiyyəti başçısı Əziz Əzizov azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Bu haqda vəkili Elçin Sadıqov bildirib.
Vəkilin bildirdiyinə görə, bu gün, mayın 11-də Cəlilabad Rayon Məhkəməsində icra başçısının jurnalistə qarşı şikayətinə baxılıb və qarşı tərəfin nümayəndəsi xüsusi ittiham qaydasıında şikayəti geri götürdüklərini bildirib.
Cəlilabad Rayon Məhkəməsi bunu nəzərə alaraq şikayətlə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib.
Xatırladaq ki, azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.
2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Əfqan Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib.
2017-ci ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb.
Ancaq 2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraq jurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib. Hazırda həbsdə olan Ə.Sadıqovun cəza müddəti mayın sonunda başa çatacaq.
Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?