Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.
O, cəzaçəkmə müəssisəsindən Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb və buradan Cəlilabad rayonuna göndəriləcək. Orada redaktor məhkəmə qarşısına çıxarılacaq.
Bu barədə jurnalistin ailəsi bildirib. Onlar yeni ittihamın mahiyyətinin nədən ibarət olduğunu bilmirlər.
Vəkil Elçin Sadıqov hesab edir ki, jurnalistə qarşı Cəlilabad rayon icra başçısının böhtan haqqında iddiası ilə başlayan cinayət işini "yeniləyiblər". Ötən ilin martında bu iş üzrə məhkəmə başlayıb, amma dinləmələr qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
E.Sadıqov Amüerikanın Səsinə bildirib ki, yanvarın 15-də jurnalistlə görüşüb, yeni ittihamın nədən ibarət olduğunu öyrənəcək.
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.
O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub.
Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.
İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.
Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs edildiyini hesab edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?