2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman Klubunun itkin düşmüş 3 üzvü ilə bağlı müəmmalı faktlar meydana çıxıb. Məlum olub ki, klubun itkin düşmüş üç üzvü - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı bu yaxınlarda müxtəlif vaxtlarda “Whatsapp” messencerində üzv olduqları qrupları tərk ediblər.
gundemxeber.az Dia.az-a istinadla xəbər verir ki, “Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Modern.az-a faktı təsdiq edib: “Bizim bir neçə “Whatsapp” qrupumuz var. Arda-arda uşaqların hər üçü qruplardan çıxdı. Həmin ankı hislərimi ifadə etməkdə çox çətinlik çəkirəm, çox həyəcanlandım. Dərhal nömrələrinə zəng etdim, amma təəssüf telefonları bağlı idi. İnternet üzərindən araşdırma apardıq, belə anladıq ki, uzun müddət istifadə etmədiklərinə görə, “Whatsapp” onları özü çıxarıb. Amma necə, nə cür olur anlamadıq. Uşaqların son “online” vaxtı itkin düşməzdən əvvəlki tarixi göstərir. Yəni faktiki olaraq qrupdan çıxmaq üçün “online” görünməli idilər, amma dediyim kimi, son “online” vaxtı ötən ilin dekabrını göstərir.
Onlar sağdırsa və qrupdan çıxmaq istəyiblərsə belə, “online” görünməli idilər. Hər şey eyni anda baş verdi: “Babur qrupu tərk etdi”, “Fəridə qrupu tərk etdi” və... Stresli vəziyyətə düşdük, çox silkələndik həmin an”.
Z.Qasımlı “bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verimisinizmi” sualına cavab olaraq, “xeyr”, deyə bildirib:
“Burada FHN-lik bir şey görmədim deyə əlaqə saxlamadım. Amma indi onlarla əlaqə saxlayacağam”.
Bizə də müəmmalı qalan məsələni araşdırmaq üçün hər üç alpinistin əlaqə nömrəsinə zəng vurduq, amma onlara zəng çatmadı. Buna görə də “Azercell” və “Bakcell” operatorlarına müştəri kimi müraciət edərək, məlumat almağa çalışdıq.
Onlara Babur və Fəridənin (050-051) əlaqə nömrələrini təqdim etdik.
“Azercell” müştəri xidmətlərinin əməkdaşı intenernetə çıxış varsa, telefon nömrəsi bağlı olsa da, “Whatsapp”dan istifadənin mümkün olduğunu bildirib.
“Nömrə bağlansa belə, “Whatsapp” həmin telefonda qalır. Telefon nömrələri birtərəfli aktivdir (zəng gedir, amma nömrələrin zəng çıxışı bağlıdır). Çünki son bir neçə aydır ki, nömrələrə kontur yüklənmir”.
“Sonuncu dəfə nömrələrə nə vaxt kontur yüklənib” sualına cavab olaraq isə “nömrə kimin adınadırsa, o zəng vursun”, deyə “Azercell” əməkdaşı bildirdi.
“Bakcell”in müştəri xidmətlərindən bizə verilən məlumatda deyilir ki, “Whatsapp” “Bakcell”in xidməti olmadığı üçün ətraflı izahat verə bilmirlər:
“Əgər siz müəyyən müddətdə nömrəyə vəsait yükləməsəniz, nömrə bağlanır. Belə olan təqdirdə siz “Whatsapp”da yenidən qeydiyyatdan keçmək istəsəniz SMS almayacaqsınız. Ən azı beş aydan bir nömrəyə 1 manat yükləyin. Çünki doqquz ay istifadə olunmadıqda “Bakcell” nömrəsi ləğv olunur”.
İnformasiya texnologiyaları mütəxəssisinin bildirdiyinə görə, “Whatsapp” qrupundan 3 halda çıxış mümkündür: “Həmin üzvü ya admin çıxarır. Ya özü şəxsən qrupu tərk edir. Üçüncü halda isə şəxs “Whatsapp” proqramını telefonundan silir. Bu üç hal istisna, üzvün avtomatik olaraq qrupu tərk etməsi mümkün deyil”.
Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Rəsmi məlumatlara görə onların axtarışı hələ də nəticəsiz qalır...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?