Bakıda fəaliyyət göstərən məşhur obyektlərdən biri – "Kibrit Book Café” "Azərişıq” ASC-ni məhkəməyə verməyə hazırlaşır.
Bu barədə BakuPost-a kafenin sahibləri məlumat verib. Bildiriblər ki, məhkəməyə üz tutmaqlarına səbəb "Azərişıq”ın elektrik enerjisini səhər saatlarında kəsdiyi üçün xeyli miqdarda maddi ziyana düşmələridir.
Belə ki, dünən səhər saatlarında Nəsimi rayonu, Rəsul Rza küçəsi 16 ünvanında yerləşən kafeyə elektrik enerjisinin verilməsi dayandırılıb. Kafe sahibləri işığa borcları olduqlarını düşünərək sayğaca baxıblar. Lakin balanslarında 4 manat 30 qəpik pul olduğunu görüblər. Bu səbəbdən "Azərişıq”ın 199 qaynar xəttinə zəng ediblər. Onlara işığa borcları olduğu deyilib. Sahibkarlar sayğaca 43 manat pul yükləsələr də, elektrik enerjisinin verilişi bərpa edilməyib.
Sonra kafe sahibi Nəsimi rayon filialına müraciət edib. Qurumdan onlara bildirilib ki, burada günah "Azercell”dədir. ""Azercell”in şəbəkəsi zəif olduğundan pul balansa köçməyib”, - deyə vurğulanıb.
Qeyd edək ki, "Kibrit Book Café”nin işığı hələ də yanmır.
Kafe sahibləri elektrik enerjisinin olmaması səbəbindən xeyli maddi ziyana düşüb.
Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BakuPost-a bildirib ki, sözügedən abonentin sayğacı SMS tiplidir və o, qurumun əməkdaşının müdaxiləsi olmadan avtomatik çalışır: "Abonentin 39 manat borcu olub. Bu səbəbdən də elektrik enerjisinin verilişi avtomatik dayanıb. Abonent borcunu ödədikdən sonra isə gəlib sayğacın üzərindəki düyməni sıxmaq lazımdır ki, elektrik enerjisinin verilişi bərpa olunsun. SMS tipli sayğaclar "Azərişıq” əməkdaşının müdaxiləsi olmadan çalışır. Abonent pulu ödəyib gəlib evdə oturub sayğacın işə düşməsini gözləməməlidir. Özü düyməni sıxmalıdır”.
Pul odənilmədiyi halda sayğacın işləmədiyi bir sistemdə borcun necə yaranmasına isə məntiqli bir cavab verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?