2017-ci ilin dekabr ayında Azərbaycanın hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşı Haşım Məmməd oğlu İzmaylovu saxlamışdılar. Kriminal aləmdə İzmaylov daha çox “Canpolad” ləqəbi ilə tanınır. DİN mənbələrinə görə, Qazax rayonunda Azərbaycan-Gürcüstan sərhədində həbs edilmiş “Canpolad” “Həvalə” adlı kriminal sistemdə fəaliyyət göstərib. “Canpolad”la birgə onun daha üç azərbaycanlı milliyyətli ortağı saxlanılmışdı.
"Canpolad” və ortaqları
Bakıda unikal cinayət sistemi
İstintaq müəyyən edib ki, yalnız ötən 2017-ci il ərzində birləşmiş cinayətkar qruplaşma Azərbaycandan qanunsuz yollarla 81 milyon dollar və təxminən 6 milyard rubl çıxarıb.
Bəs “Həvalə” sistemi nədir? Bu qeyri-leqal pul köçürmələri sistemi Azərbaycanda 20 ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Onun fəaliyyətinin unikallığı bundan ibarətdir ki, o, bütün ölkələr istiqamətində və sırf etimad üzərində işləyir – hər hansı sənəd və yazılı öhdəlik olmadan. Bu sistemin formalaşması və fəaliyyətinin bütün tarixi boyunca cinayətkarlar bircə dəfə də olsa yanlışlığa yol verməyiblər. Bircə dəfə də olsa “pul atmaq” faktı qeydə alınmayıb. Sxemin özü yanlışlıq ehtimalını sıfıra endirir, belə ki, bu nəhəng mexanizmin üzərində durduğu “etimad”ı qıra bilər.
Bu unikal üfüqi sistem necə qurulub? Deyək ki, hər hansı məmura, yaxud iş adamına Dubaya, İstanbula, yaxud da Pekinə 10 milyon dollar vəsait köçürmək lazımdır. O, qapısında heç bir adı-filanı yazılmamış xüsusi ofisə müraciət edir – Bakıda bu cür gizli “bank”ların əməlli-başlı şəbəkəsi fəaliyyət göstərməkdə davam edir – və bildirir ki, filan məbləğdə pulu xaricə yollamaq istəyir. Əynində səliqəli kostyum olan dolu bədənli kişi ondan pulları qəbul edir və Dubaydakı, İstanbuldakı və s. şəhərdəki analoji ofisin ünvanını sifarişçiyə təqdim edir. Məmur, yaxud iş adamı düz 24 saatdan sonra həmin məbləği xaricdə qəbul edə bilər.
Misal üçün, İstanbulda bu cür “ofis”lərdən biri əfsanəvi “Kapalı Çarşı”nın yaxınlığında yerləşir. Birinci mərtəbədə kifayət qədər normal görünüşü olan valyutadəyişmə məntəqəsidir. İkinci mərtəbədə isə qalın dəftərli yerli “uşaqlar” sizi qarşılayır və pulu qəbul edəcək şəxsin adını siyahıdan axtarıb tapırlar. Bu, yumşaq desək, qeyri-qanuni xidmətə görə “etimad cəmiyyəti”nin təmsilçiləri 0,1-0,2 faiz həcmində gəlir götürürlər. Qeyri-qanuni maliyyə əməliyyatlarının və pulların məbləğinin miqyasını nəzərə alsaq, bu “vergi sığınacağı”nın sahiblərinin hansı həcmdə qazanc əldə etdiyini təsəvvür etmək çətin deyil.
Azərbaycanda məmurların və iş adamlarının böyük əksəriyyəti bu “etimad cəmiyyəti”nin xidmətlərindən istifadə edir. Məhz bu yolla milli kapital sürətlə ölkəni tərk edir. Müstəqil ekspertlərin hesablamalarına görə, hər il qeyri-leqal yolla ölkədən 9 milyard dollar çıxarılır. Məsələn, Bakının ən iri bazarı – “Sədərək” bü gün də həmin bu “etimad cəmiyyəti” ilə sıx bağlıdır.
Lakin son illərdə hüquq-mühafizə orqanları aşkar etmədən bu bəla ilə mübarizəyə başlayıblar. Görünür ki, sistemin arxasında kifayət qədər nüfuzlu şəxslər durur. Lakin bəla ilə ehtiyatlı mübarizə belə gözlə görünən nəticələrə gətirib çıxarıb. Əgər bir neçə il öncə “etimad cəmiyyəti” vasitəsilə pullar ölkədən adicə aviareyslər vasitəsilə çıxarılırdısa, hazırda cinayətkarlar dolayı yollardan istifadə etməli olurlar və bunlara qaçaqmalçılıq, sərhədin qeyri-qanuni pozulması və quldurluq aiddir. “Etimad cəmiyyəti” bir-birinin ardınca inzibati resurslarını itirir və həyat qabiliyyətini qoruyub saxlamaq naminə mütəşəkkil cinayətkar qruplaşmalarla birləşməli olur.
Gürcülərin Bakıdan qaçışı
“Canpolad” və ortaqları qeyri-qanuni gizli pul köçürmələrini necə həyata keçiriblər? Bu kriminal “avtoritet” və onun havadarları Bakıda yarıkriminal şəhərlərdə məşhur olan milyonlarla dolların kazinolar vasitəsilə yuyulması sistemini tətbiq ediblər. Mexikoda, Monakoda, Budvada (Monteneqro) və sistemli kriminalın baş alıb getdiyi digər şəhərlərdə qruplaşmalar pulların oyun evlərində yuyulması metodunu uğurla sınaqdan keçiriblər. Axı kazinolarda göstərilən xidmətlərin siyahısına yalnız oyun əyləncələri daxil deyil – müştərilərə bütün gün boyu valyuta əməliyyatlarının keçirilməsi də təklif edilir: pulların hesabdan hesaba köçürülməsi, kredit kartından vəsaitin limitsiz nağdlaşdırılması, qiymətli kağızların saxlanması, sələmçilik xidmətləri və s. Kazino böyük məbləğlərlə maxinasiyalar üçün ideal məkandır. Misal üçün, bu yaxınlarda Avstraliyada oyun evlərindən birində milyonlarla dolları oyun sikkələrinə dəyişmiş narkotik alverçisi tutulub. Araşdırma zamanı məlum olub ki, bu narkotik alverçisi, demək olar ki. oynamayıb və yalnız oyun sikkələrini uduş kimi qələmə verərək pul yuyub.
Hələ ötən il haqqin.az və virtualaz.org redaksiyası müəyyənləşdirmişdi ki, bəzi məşhur azərbaycanlı məmurlar, deputatlar və bankirlər bu yolla Tbilisidəki “Şanqri La” kazinosunda pul yuyurlar. Bizim reportyor qrupumuz bu oyun evinin daimi müştərisinin – keçmiş deputat və bankir Fərhad Qəribovun çəkilişini aparmışdı. Sonradan məlum oldu ki, yalnız Fərhad Qəribov deyil, bir çox məmurlar, o cümlədən yüksək rütbəli şəxslər Tbilisidəki “Şanqri La” vasitəsilə pul yumaqla məşğuldur.
Fərhad Qəribov Tbilisidəki “Şanqri La”da
Bundan əlavə, həmin kazinoda on milyonlarla dollar pul uduzan oyun həvəskarı olan məmurlar da az deyil. “Etimad sistemi” isə, gömrüyü və bankları yan keçərək, əvvəlki rejimdə pul vəsaitlərinin Bakıdan Tbilisiyə axınını təmin edir. Az əhəmiyyətli fakt deyil və bunu hüquq-mühafizə orqanlarımız bir daha yoxlamalıdırlar. Təhqiqatımızın nəticəsində məlum olub ki, kazinonun həmtəsisçiləri Gürcüstanın erməni milliyəttindən olan vətəndaşlarıdır.
Hüquq-mühafizə orqanları daha iki gürcünün – Kaxaber Kaçaravanın və Qoça Getsadzenin cəlb olunduqları cinayətkar qruplaşmanın izinə düşə biliblər. Bu şəxslər 2018-ci ilə kimi Bakının mərkəzində - Neftçilər prospektində yaşayıblar. Lakin “Canpolad”ın həbsindən dərhal sonra Azərbaycandan qaça biliblər.
İstintaqın gedişində daha bir az əhəmiyyəti olmayan fakt üzə çıxıb. Sən demə, 2014-cü ildən 2018-ci ilə qədər bu şəbəkə Azərbaycanda gizli, dövlətdən xəbərsiz onlayn-kazino sistemi qurubmuş. Baxmayaraq ki, virtual oyun evləri də Azərbaycanda qanunvericiliklə qadağan edilib...
Kazino kralları Bakıya, məmurların yanına gəlir
Nəhayət, biz bu real trillerin ən həyəcanlı məqamına gəlib çatırıq. Ötən il dekabrın sonlarında Bakıda iki məşhur kazino meneceri - britaniyalılar Darren Kin və Con Harrek Kristofer Mac peyda olur. Sonuncu həm də Avstraliya pasportu daşıyır. Qumar dünyasının bu görkəmli şəxslərini Azərbaycan paytaxtında yüksək vəzifəli məmurlar qarşılayır. Lakin bu işdə ən ziddiyətli olanı budur ki, qumar menecerlərinin yüksək vəzifəli məmurlarla görüşünü hüquq-mühafizə orqanlarının əvvəllər məhkum edilmiş keçmiş əməkdaşı təşkil edib. Gələcək məqalələrimizdə biz həmin adamın adını açıqlayacağıq. Hələlik isə irəli qaçmayaq. Bu, müəyyən dərəcədə oxucuları çaşdıra və bəzi məmurları qorxuda bilər.
Darren Kin
Əgər Darren Kin dekabrda Bakıya ilk dəfə gəlirdisə, Con Harrek burada özünü lap evindəki kimi hiss edirdi. Onlar Azərbaycanda kazinoların fəaliyyətinin bərpa edilməsi barədə danışıqlara başlayırlar. Hərçənd, hamıya məlumdur ki, Azərbaycanda qumar evlərini hələ ötən əsrin 90-cı illərinin ortalarında o vaxtkı prezident Heydər Əliyevin şəxsi tapşırığı ilə bağlayıblar, fəaliyyətinə qadağa qoyublar. İndiki prezident İlham Əliyev isə kazinoların fəaliyyətinin bərpa edilməsinə dair bütün “cəlbedici” təkliflərin üstündən xətt çəkib və belə cəhdlərin qarşısını alıb.
Tblisidəki “Şanqri La” kazinosunun sahibləri olan həmin britaniyalılar bilirdilər ki, onların VİP müştəriləri olan azərbaycanlı məmurlar və hətta bizim hüquq-mühafizə orqanlarının nümayəndələri Gürcüstan paytaxtının qədim müsəlman məhəlləsindəki həmin məkanda iri məbləğlər uduzurlar. O zaman nədən bu maliyyə tələsini Bakının mərkəzinə gətirməsinlər?
Hətta Kaxaber Karaçavanın və Qoça Getsadzenin qaçmasından, habelə “Canpoladın qrupu”nun tutulmasından sonra inadkar britaniyalılar harınlamış azərbaycanlı məmurlarla birlikdə Bakıda onlar üçün taleyüklü olan kazino məsələsinin həllinə nail olmaq cəhdlərini dayandırmamışdılar.
Beləliklə, müqəddəs məkan boş qalmır. Gürcülərin yerini azərbaycanlı sövdəgərlər tuturlar. Lakin hüquq-mühafizə orqanlarının yeni xüsusi əməliyyatı qumar evlərinin fəaliyyətinin bərpa edilməsi planını quranları qəfil haqlayır. Britaniyalılar Bakını təcil tərk edirlər. Onlar başa düşürlər ki, bir vaxtlar köhnə, əfsanəvi Butırka həbsxanasına düşdükləri kimi, Bakıda da həbsə düşə bilərlər.
Bütün izlər cinayətkar “Storm İnternational”a aparır
2011-ci ildə Rusiya xüsusi xidmət orqanları “Storm İnternational” şirkətinin meneceri Darren Kini - 2017-ci ildə yüksək vəzifəli azərbaycanlı məmurun görüşünə gələn həmin britaniyalını həbs etmişdi. Kini Moskvada gizli qumarxana təşkil etməkdə günahlandırırdılar. Britaniyanı Luton şəhərinin sakini olan Darren Kin (rusiyalı qadınla evlidir və Moskva ətrafındakı villada yaşayıb) Moskvada “Vinso Granda” kazinosunun meneceri kimi karyerasına başlayıb. 2000-ci ildə isə artıq “Şangri La” kazinosunun baş meneceri təyin edilmişdi. 2008-ci ildə o, “Storm İnternational” şirkətinin icraçı direktoru olur. “Storm İnternational” ingiltərəli Makyl Bottçer (Michael Boettcher) tərəfindən 1992-ci ildə yaradılıb və müxtəlif ölkələrdə - Meksikada, Almaniyada, Rumıniyada, Gürcüstanda, Ermənistanda, Belarusda və Rusiyada əyləncə mərkəzlərini idarə edir.
Əslində, Rusiya xüsusi xidmət orqanları həmin Maykl Bottçerin özünü həbs etməyə hazırlaşırdı. O, Kinin həbsinə qədər Moskvanın Solntsevo rayonunda yaşamaqda idi. Amma Bottçer Kinin həbsindən sayılı saatlar əvvəl Rusiyadan qaçmağa imkan tapır.
Kinə qarşı isə Moskvada qanunsuz qumar biznesi təşkil etmək ittihamı irəli sürülür. Amma həbsindən bir ay sonra britaniyalı Rusiya xüsusi xidmət orqanları ilə sövdələşməyə girir, öz şefinə qarşı ifadə verir və bundan sonra ona qarşı irəli sürülmüş ittiham yumşaldılır, az sonra isə azadlığa buraxılır. Canını gülməli cəza - 150 min rubl cərimə ilə qurtarır.
İndi isə həmin Maykl Bottçerin özünün şəxsiyyətinə qayıdaq. Hansı ki, azərbaycanlı məmurların “Storm İnternational” kazino şəbəkəsinə cəlb edilməsinə birbaşa dəxli var. Keçmiş taksi sürücüsü Maykl Bottçerin yaratdığı “Storm İnternational” şirkətinin kazinolar şəbəkəsinə Moskvadakı “Elite”, “Kings”, “Queens”, “Wells Fargo”, “Vinso Grando”, “Shangri La”, “Karnaval” və digər məşhur kazinolar daxil olub. Lakin Kinin həbsindən sonra Battçer biznesini Rusiyadan MDB-nin digər ölkələrinə köçürməyə məcbur olur.
2018-ci il aprelin 30-da “Storm İnternational” şirkətinin saytında dərc edilmiş informasiyaya görə bu şirkət Almaniya, Gürcüstan, Belarus, Litva və Rusiya kimi müxtəlif ölkələrdə əyləncə biznesini idarə edir. 2013-cü ildə şirkətin obyektləri arasında ən böyük artım Tbilisidəki “Shangri La” kazinosunda əldə edilib. Müştərilərin sayının 28 faiz və orta oyun həcminin 83 faiz artması sayəsində. Hazırda “Storm İnternational” Almaniya, Rumıniya, Ermənistan, Belarus və Gürcüstan kimi bazarlarda fəal inkişaf edir. Hərçənd, KİV-lərin məlumatına görə, Meksika hakimiyyəti də paytaxt Mexikoda bu şirkətin qumarxanalarının fəaliyyətinə qadağa qoyub.
Kriminalı necə dayandırmalı?
Mahiyyətcə Azərbaycan hüquq-mühafizə orqanları ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid təşkil edən transmilli kriminalın güclü, geniş yayılmış sistemi ilə üzləşib. Söhbət milli təhlükəsizliyə qarşı açıq çağırışdan gedir, axı pulların yuyulmasına və ölkənin sistemli kriminala cəlb edilməsinə bizim məmur sinfinin nümayəndələri də qarışıblar.
Azərbaycan hakimiyyəti qətiyyətli və cəsarətli davranmalıdır, axı Rusiya və Meksika hakimiyyətlərinin operativ reaksiyası dünyada yaxşı tanınan bu transmilli kriminal cameənin Azərbaycanda kök salması cəhdlərinin necə təhlükəli ola biləcəyini təsdiq edir. Niyə hakimiyyət hələ də bu britaniyalıların həbsi və ya ölkədən qovulması barədə qərar verməyib? Cinayətkar yollarla, o cümlədən qumar evlərində qazanılmış kapitalın yuyulmasını həyata keçirən məmurlara qarşı yolverilməz tolerantlığı necə izah etmək olar? Kardinal və təxirəsalınmaz tədbirlər lazımdır... Hələlik ahtapotun cəmi bir neçə caynağını kəsiblər. Bakının özündə də qumar krallarının ortaqları üçün hesab zamanı yetişib.../virtualaz.otg
Sorğu
Yeni dizaynımız necədir?