Barəsində ittihamlar səslənən Elnarə Rzayeva mətbuat konfransı keçirməkdən imtina etdi; o, haqqında deyilənlərlə razılaşmır...
Qadınların üz görkəmini dəhşətli vəziyyətə salıb, dodaqlarını yandırmaqda ittiham olunan kosmetoloq Elnarə Rzayeva iyunun 4-də jurnalistləri bir araya gətirərək mətbuat konfransı keçirəcəyini açıqlamışdı. Qeyd olunan tədbirdə E.Rzayevanın mətbuatda barəsində səslənən ittihamlara aydınlıq gətirəcəyi gözlənilirdi.
Məlum olduğu kimi, kosmetoloqun törətdiyi əməllər barəsində suallar hələ də açıq qalıb. Onun haqqında isə bu günlərdə məhkəmə qərarı da qəbul edildi. Nizami Rayon Məhkəməsinin qərarına əsasən, E.Rzayeva Rəna Sultanova və Nigar Məmmədovanın ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat paylaşıb, böhtanlar atdığı üçün 50 min manat təzminat ödəməli, eyni zamanda sosial şəbəkədə bacılardan üzr istəməlidir.
Eyni zamanda pasiyenti Validə Firudinovanı pula görə döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başladılıb, istintaq aparılır.
E.Rzayevanın adı bundan daha dəhşətli faktlarda hallanır.
Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan bu xanım yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 400 manata iynə vurmaqla onların dodaqlarını yandırır. Bu barədə mətbuatda çoxsaylı şikayətlər dərc edilib.
G.O. adlı şikayətçi criminal.az saytına danışaraq bildirib ki, E.Rzayeva onun dodaqlarına gel vurduqdan sonra dodaqları dəhşətli vəziyyətə düşüb. Sitat:
“Ağzımın içi necə yara tökdüsə, dişlərimi belə hiss etmədim. Elnarə dedi ki, belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma ”trubuçka" qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki, dodaqlarım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki, immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağımın sağalmadığını görüb yanına getdim. Nə vaxt növbəyə yazılırdımsa, işi olduğunu bəhanə edərək məni qəbul etmək istəmirdi".
Qeyd edək ki, adıçəkilən şikayətçinin dodaqlarının vəziyyətini əks etdirən fotolar görənləri dəhşətə salır.
Daha bir şikayətçi Röya İbrahimova adlı xanımdır. Şikayətçinin sözlərinə görə, Elnarə Rzayeva onun üzündə gəncləşdirmək məqsədi ilə prosedur aparıb, əvəzində isə üzündə yanıqlar əmələ gəlib: “Bir neçə dəfə üzümü yandırdığı üçün yanaqlarım bərbad vəziyyətdə idi. Yenidən yandırmaq istəyəndə etiraz etdim. Bu zaman Elnarə gəldi və başladı ki, guya mənim üzüm onun yanına gedəndə də eyni vəziyyətdə olub. Qışqırdı ki, üzümə durursan? Üstümə cumdu, dedi ki, dur buradan.... Ona küçə qadını ilə danışmadığını xatırlatdım. Qışqırdı ki, səni tanımıram. Mərkəzdəki kamera görüntülərini tələb etdim. Dedi ki, kameralar işləmir. Ağlaya-ağlaya yoldaşımı yığdım. Yoldaşım məni sakitləşdirərək dedi ki, boş verim, başqa həkim taparıq. Elnarəyə dedim ki, sənə 800 manat ödəniş etmişəm, geri ver. Cavab verdi ki, heç kimə ödənişi geri vermir”.
Özünü tanınmış kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın prosedurlarının qurbanı olduğunu deyən daha bir neçə şikayətçi var. Onlardan model Esmira Yusifova, Xalidə Qasımova, E.M-ovanı qeyd etmək olar.
E.Rzayeva isə barəsində səslənən ittihamları süni dodaq gelinə qarşı mübarizə apardığına görə rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan “qara piar” adlandırır. Sosial şəbəkələrdə, mətbuatda hər kəsi inandırmağa çalışır ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. Halbuki digər açıqlamalarında dolayısı da olsa süni geldən istifadə etdiyini etiraf edir, hətta qiymətlərini açıq-aşkar bildirir.
Bəs özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva kimdir?
Mətbuatda dərc edilən məlumatlara görə, Elnarə Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikumda maşınqayırma ixtisası üzrə təhsil alıb.
Həmçinin Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıq ilə bağlı lisenziyası yoxdur. Bildirilib ki, Elnarə Ramiz qızı Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.
Sosial şəbəkələrdə onun haqqında daha bir ilginc məlumat da yayılıb. Şayiələrə görə, E.Rzayevanın erməni əsilli qohumları var. Beləliklə, kosmetoloq da öz “peşəsi” ilə azərbaycanlılardan bir növ qisas almağa çalışır. Bu şayiənin yayılmasına əsas verən səbəblərdən biri onun ötən il məşhur erməni kosmetoloq və dermatoloqu Simon Ourianla bağlı paylaşımı olub. E.Rzayevanın iddiasına görə, guya məşhur erməni kosmetoloqu onu Amerikaya dəvət edərək, birlikdə işləməyi təklif edib. Və guya ki, E.Rzayeva bu təklifdən imtina edib. Maraqlıdır, erməni əsilli kosmetoloq niyə məhz E.Rzayevanı “seçib”?
Bütün bu suallarımıza cavab tapmaq üçün E.Rzayevanın özü ilə əlaqə saxladıq. O, əvvəlcə mətbuat konfransını son anda təxirə salma səbəbini açıqladı:
“Mən şəxsən sizi çağırmamışdım, doğrudurmu?.. Təxirə salmaq səbəbim isə o oldu ki, başqa problemlər yaşandı, yəni tədbiri keçirmək üçün qiymətlərdə yalan danışdılar, ona görə də mən imtina etdim. Əgər istəsəniz mən yenidən mətbuat konfransı keçirərəm və yaxud iş yerimə gəlib açıqlama ala bilərsiniz”.
Bu məqamda qeyd edək ki, konfrans təxirə salındıqdan bir qədər sonra bir neçə mətbuat orqanında kosmetoloq barəsinə yazılan məqalələr silinib...
E.Rzayeva şikayətçilərin ittihamlarını təkzib edərək, məlumatları şər-böhtan adlandırdı. Təhsili ilə bağlı məlumatlara isə bu cür aydınlıq gətirdi:
“Sübutları varmı ki, mənim ixtisasım maşınqayırma ilə bağlıdır?! Mən də sabah deyə bilərəm ki, kimsə avtomatqayırma zavodunu bitirib. Bunun nə aidiyyəti var? Mən Seçenov adına Moskva Dövlət Tibb Universitetinin terapevt, müalicə işi fakültəsini bitirmişəm”.
Kosmetoloq qətiyyətlə süni gellərdən istifadə etmədiyini açıqlayıb: “Gəlib özünüz mərkəzimizdə bunu aydınlaşdıra bilərsiniz. Mənimlə bağlı yalnız ana-bala şikayətçi olub, onları da göndərmişdilər. Başqa şikayətçiləri tamamilə tanımıram. Mən artıq həmin şəxsləri məhkəməyə vermişəm, hətta vəkilim də var”.
E.Rzayevanın sözlərinə görə, bütün bu “işlərin” arxasında hansısa kosmetoloq dayanır: “Adını çəkmirəm, onun adını çəksəm onun üçün şərəf olar”.
Kosmetoloq barəsindəki erməni faktoruna isə bu cür cavab verdi: “Erməni onların nəslidir, mənə belə suallar verməyin! Erməni kosmetoloq özü məni tapmamışdı. Ona Rena adlı bir kosmetoloq yalvarmışdı ki, mənim kimi bacarıqlı bir kosmetoloq var, süni geli çıxardır. O da demişdi ki, ”mənə bu məsələ maraqlı gəldi". Beləliklə, təklif etmişdi ki, onunla birgə çalışım. Lakin o, erməni olduğu üçün bu təklifdən imtina etmişdim. Bu barədə əlimdə faktlar da var"./musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?