"İyun ayına bəzən "Elçibəy ayı" deyirlər. Ayları insanlara, insanları aylara bölmək düzgün olmasa da bu deyimdə müəyyən həqiqət var. Çünki Əbülfəz bəy məhz iyun ayında anadan olub, iyun ayında demokratik yolla hakimiyyətə gəlib və bu ayda da qiyam yolu ilə hakimiyyətdən kənarlaşdırılıb.
Elçibəyin taleyi Azərbaycan xalqının taleyi ilə həmahəng oludğuna görə iyun ayı da xalqımızın tarixində acılı- şirinli günlərlə zəngindir. 1992- ci ilin iyun ayında xalqımız 70 ildən sonra öz milli hakimiyyətini seçmək fürsəti əldə etdi, 1 il sonra isə 1993- cü ilin iyun ayında xarici güclərin və yerli xəyanətkar qüvvələrin silahlı müdaxiləsi ilə milli hakimiyyət süquta uğradıldı. Dinc, günasız insanlar qətlə yetirildi, ölkə böyük bir fəlakətə sürükləndi, torpaqlarımız işğal olundu. Vətəndaş qarşıdurması yaradıldı və s.
İyun ayında xalqımız üçün həm də əlamətdar, tarixi günlər var. Həmin günlərin birində- 1992- ci ilin 7 iyununda 70 illik totalitar Sovet rejimindən sonra xalqımız ilk dəfə böyük sevgi və coşğu ilə seçki məntəqələrinə gedərək azad və ədalətli şəkildə ölkənin gələcəyinə səs verdi. Ölkədə ilk dəfə halal seçkilər keçirildi. Əbülfəz Elçibəy ölkənin ilk demokratik cumhur başqanı seçildi. İnsanlarımız xalq iradəsinin gücünü, xidmətkar prezidentin necə olduğunu gördü. 1 ildə ölkədə inqilabi dəyişikliklər oldu... Bu seçki həm də xalqımızın tarixində son demokratik seçki oldu. 26 ildir insanlarımız, cəmiyyətimiz halal, demokratik seçkilərə həsrətdir...
Dostlar, tariximizdə çox ağrılı- acılı, həm də əlamətdar günlərimiz var. Tarixi, əlamətdar günlərdən biri də 7 iyundur. Məhz buna görə də 7 iyunu- Demokratiya Günü elan etmişik. Biz bu günü unutmamalıyıq. Gələcyimizə 7 iyun kimi günlərimizdən boylanmalıyıq. Tariximizdə böyük çəkisi və ictimai- siyasi anlamı olan belə günləri daim xatırlamalı və qeyd etməliyik. Böyük gələcəyə gedən yol tarixi hadisələrdən, günlərdən keçir...
2 gün sonra "7 iyun- Demokratiya Günü"- nü qeyd edəcəyik. Toplantımız 7 iyunda saat 14.00- da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Qərargahında olacaq. Toplantıda iştirak etmək sərbəstdir. Gəlin tarixi şanlı günlərimizi bir yerdə qeyd edək! Həmin günlərin təkrarlanması üçün səylərimizi birləşdirək!"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?