Elnur Babayevin əmisi bildirib ki, axtarış prosesləri dayandırılmayıb, lakin nəticə də yoxdur...
İtaliyada azərbaycanlı tələbə göldə boğularaq, dünyasını dəyişib. Roma Universitetinin politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğulub. Hadisə iyunun 2-də baş verib.
Lakin artıq bir həftəyə yaxındır ki, Elnur Babayevin meyiti tapılmır. Bu barədə “Yeni Müsavat”a E. Babayevin əmisi Vüqar Babayev məlumat verib. Əmisi bildirib ki, artıq Elnur Babayevin atası İtaliyadadır və axtarış prosesləri davam edir: “Atası İtaliyadadır və məndə olan məlumata görə, axtarışlar davam edir. Ancaq hələ ki heç bir nəticə yoxdur. Elnur İtaliyada magistr təhsili alırdı. İki il idi ki, orada qalırdı. Ancaq tətil vaxtı Azərbaycana gəlirdi. Novruz bayramından ötən ayın 30-na qədər Elnur Azərbaycanda, ailəsinin yanında idi. Hələ ki gözləyirik. Ancaq qeyd etdiyim kimi, axtarışlarda nəticə yoxdur”.
Babayev bildirib ki, Azərbaycanda müvafiq qurumlar onlarla maraqlanırlar:
“Axtarışların sürətli aparılması üçün Azərbaycandan da dəstək olurlar. Sonuncu dəfə Elnurla bu ayın 1-də danışmışam. Bildirdi ki, vəziyyətim yaxşıdır. Necə getməsi barədə maraqlandıq. Söylədi ki, çox yaxşı gəlib, heç bir problemi olmayıb. Azərbaycanın İtaliyadakı səfirliyi də bu işlə yaxından maraqlanır. Elə qardaşımla gedib-gəlir, axtarış prosesinə nəzarət edirlər”.
Lakin sosial şəbəkədə iqtisadçı Qubad İbadoğlu özünün şəxsi səhifəsində məsələ ilə bağlı fərqli fikirlər paylaşaraq bildirib ki, axtarışlar demək olar ki, dayanıb: “Elnurla 2017-ci il noyabrın 6-da Nyu-Yorkda tanış olmuşam. Yəqin onu tanımasaydım, itkisi məni bu qədər ağrıtmazdı. ABŞ-a iş və səyahət proqramı ilə gəlmişdi. Geriyə-təhsil aldığı İtaliyaya dönəndə bir neçə saatlıq təmasım olmuşdu. Çox xoş təsir bağışlamışdı, böyük arzulara yaşayırdı. Roma Universitetinin politologiya fakültəsində magistr təhsili alırdı.
Bu gün məlumat aldım ki, Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib. Mərhumun meyiti hələ də tapılmayıb. Atasının İtaliyadan verdiyi məlumata görə, axtarışlar demək olar ki, dayanıb. Ailənin yeganə övladı olan 29 yaşlı Elnurun faciəsi ilə yanaşı cəsədinin sudan hələ də çıxarılmaması hazırda ailəni və Elnurun yaxınlarını narahat edən əsas məsələdir.
Hətta bu gün onun tələbə yoldaşları Azərbaycan bayraqları ilə göl ətrafında yürüş etsələr də İtaliyanın müvafiq orqanları hadisəyə çox laqeyd yanaşır. Odur ki, Azərbaycan dövlətinin müvafiq strukturlarına, Xarici İşlər, Fövqəladə Hallar nazirliklərinə müraciət edirəm ki, bu faciəyə biganə qalmasınlar, Elnurun cəsədinin tapılıb, vətənə gətirilməsində yardımlarını əsirgəməsinlər".
Məsələ ilə bağlı apa tv də məlumat yayaraq bildirib ki, Elnur iki bacının bir qardaşı olub. Anası Nigar Babayeva bildirib ki, Elnur Novruz bayramı ərəfəsində Bakıya gəlib. Tətilini Bakıda, valideynlərinin yanında keçirən gənc tələbə bu il mayın 30-da yenidən Romaya qayıdıb. Sonuncu dəfə iyunun 2-də anası Nigar xanımla danışan Elnur sənədlərini qaydasına saldığını, imtahana hazırlaşdığını və “məndən nigaran qalmayın, iyunun 5-də imtahanımı verib sizinlə əlaqə saxlayacağam” deyib.
Anası bildirib ki, iyunun 2-si gecə saatları telefon zəng çalıb: “Çatdırıb götürə bilmədik. Bir neçə dəqiqə keçdi, Elnurun əmisi zəng elədi və ailəsi ilə bizə gəldi. Gecə 3-ün yarısı idi. Bizdən soruşdu ki, uşaqdan xəbəriniz varmı? Sən demə, elə həmin gün dostu ilə göldə çimməyə gedib. Dostu Elvinlə birlikdə gedib, birlikdə çimiblər. Elvin boğulurmuş, onu xilasedicilər çıxarıb. Amma mənim oğlumun boğulduğunu deyirlər. Elə həmin gecədən evimdə hüzrdür. Bir həftədir Elnur tapılmır. Hamı bilir, bu iki ildə o, bir dəfə də olsun ailəsinə demədən kənara gəzməyə belə çıxmayıb. O necə ola bilər ki, gölə getsin. Buna inanmıram”.
Elnur Bakıda oxuyanda ailəsinə təhsilini xarici ölkələrin birində davam etdirmək arzusunda olduğunu deyib. Evin tək oğul övladı olmasına baxmayaraq, ailəsi onun bu istəyinə qarşı çıxmayıb. Anası Nigar xanım deyib ki, payızda evlənəcəyi barədə ona söz veribmiş: “Deyirdi, az qalıb, bitirim universiteti, gəlib Bakıda özümə iş quracağam. Çox savadlı, ağıllı və sakit uşaq idi. Sonuncu dəfə dedim ki, Elnur, get gəl, yayda evləndirərik səni. Onunla birlikdə olan oğlanla bir neçə dəfə danışdım. Deyir, məni xilas etdilər, amma mənim ona gücüm çatmırdı. Deyib ki, Elnur, məni bağışla, kömək edə bilmədim sənə”.
Hadisə baş verən günün səhəri Elnur Babayevin ailəsi Xarici İşlər Nazirliyinə müraciət edib. Müraciətdən üç gün sonra onun atası Rafiq Babayev, dayısı və digər bir qohumu İtaliyaya göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?