Azərbaycanda iyunun 14-də 2017/2018-ci tədris ili başa çatır. Bu gün ölkənin bütün ümümiəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilir.
Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.
Təhsil naziri Ceyhun Bayramov müəllim və valideynləri bu unudulmaz gün münasibəti ilə təbrik də edib.
“Əminəm ki, siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq,ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız”, nazirin məzunları təbrikində deyilir.
Təhsil Nazirliyinin məlumatına görə, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.
2017-2018-ci tədris ilində ölkə üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?