"Yeni Bakı”lılar evlərinə gedən yolu bağladılar. Şəhərcik sakinləri su problemindən narazıdır”.
İyunun 13-də axşam saatlarında Masazırın "Yeni Bakı” adlanan şəhərciyinin sakinləri evlərinə gedən yolu bağlayıblar. Səbəb 10 gündən artıq müddətdir ki, şəhərciyə gələn içməli suyun kəsilməsidir.
Əraziyə çoxlu sayda polis gəlib. Onlar sakinləri dağıdaraq, yolu açıblar. Ancaq sakinlər evlərinə getməyiblər. Nəticədə Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev, Masazır qəsəbəsinin icra nümayəndəsi və "Azərsu” ASC rəhbərliyindən gəliblər. Sakinlərə suyun niyə gəlməməsinin səbəbini açıqlayıblar.
"Yeni Bakı” sakini Suraman Xəlilova su probleminin hər il təkrarlandığını söyləyir. Deyir, bu il də hər il olduğu kimi 10 gündən artıqdır su gəlmir. Ancaq burada ev alanda onlara suyun 24 saat olacağını söyləyiblər:
"Odur ki, heç kim evinə su çəni qoymayıb. İndi 10 gündür su yoxdur. Gündə 1-2 saat açırlar, o da zəif. Yayın istisində 1-2 saatla nə olandır? Komendanta zəng edirik, deyir: "bizlik deyil, "Azərsu”nun problemidir”. "Azərsu”ya zəng edirik, deyirlər, problem sizin şəhərcikdən qaynaqlanır. Bir həftə səsimizi çıxarmadıq, dözdük. Çünki söz verdilər ki, həll ediləcək. Daha dözə bilmirik. Biz şəhərdən evimizi satıb bura suya, yaşıllığa görə köçmüşük. Bu, nə bəladır açırlar başımıza?”
Xuraman Xəlilova deyir ki, burada yaşayanların hamısı kasıb insanlardır. Özləri öz problemlərini çözəcək durumda deyillər:
"Biz nə qədər çimmək üçün kiminsə qapısına getməliyik? Bir ətək kommunal haqqı veririk, bir qəpik verməyəndə deyirlər, hamısını ödəməlisən, yoxsa işığını kəsəcəyik. Əhali çoxaldıqca, su problemi də artır. Burada yaşayanların hamısı kasıb camaatdır. İmkanımız olsa, özümüzə su tədarükü görərik, bura yığışmarıq. Komendanta da nəsə deyirsən, deyir, burada mənəm, Bağdadda kor xəlifə. Hara istəyirsiniz, şikayət edin”.
Sakinlərdən Samir Əliyev problemləri ilə bağlı indiyə kimi çox yerə müraciət etdiklərini söyləyir. "Azərsu”ya, komendanta, icra hakimiyyətinə. Ancaq şikayətlərinə baxan olmayıb:
"Məncə, işığa qənaət etmək üçün belə edirlər. Onların su hovuzları var. Günə həmin motorlara 10 saat fasilə verəndə aya 5 min manat qabağa düşürlər. 10 gündən artıqdır susuz qalmışıq. Çəni olan istifadə edir, biz qalmışıq pis vəziyyətə. Ümumiyyətlə, buradakı komendantlıq da qanunsuz fəaliyyət göstərir. Onları heç kim seçməyib”.
Rafael Orucov da şikayətçidir. Deyir, su gəlmədiyi üçün yaşayışları iflic duruma düşüb:
"Necə olur burada yaşamayan adamdan kommunal haqqı alırlar ancaq indi yaşadığımız halda, suyumuzu kəsirlər? Su olmayanda da həyat sönür. Gündə 1-2 saat gəlir. Onda da qabı-qaşığı doldururuq. Evdə uşaq var, böyük var, çatmır gün ərzində”.
Zaur Hüseynov da "Yeni Bakı” sakinidir. Deyir, qapılara bildiriş vurulmuşdu ki, müvəqqəti narahatçılıqdır. Bir neçə gün də olmayacaq:
"Müvəqqəti narahatlıq dönüb olub daimi narahatlıq. Komendantlığa zəng edirik, normal cavab yoxdur. İşdən gəlirik, su yoxdur. Belə yaşamaq olmur axı”.
Şəhərciyin komendantı Ehtiram Yusifov problemin "Azərsu” ASC ilə bağlılığını, suyun təzyiqinin aşağı olduğu, "Yeni Bakı” şəhərciyi isə yüksəklikdə yerləşdiyi üçün belə problem yarandığını söyləyir.
Əraziyə gələn "Azərsu” ASC-nin nümayəndəsi sakinlərə açıqlamasında problemin onlarla bağlı olmadığını söyləyib:
"Ətrafdan "Azərsu” ASC-nin böyük həcmli boruları keçir. "Yeni Bakı” şəhərciyinə gələn su borularının ölçüsü kiçik olduğundan təzyiqi aşağıdır və nəticədə su problemi yaşanıb. Biz şəhərcik nümayəndələrini sabah "Azərsu” ASC-yə dəvət etmişik. Tezliklə bir çıxış yolu tapıb, probleminizi həll edəcəyik”.
Masazır bələdiyyəsinin sədri Siyanifər Əliyev isə bildirib ki, problem hər nədirsə, tezliklə həll edilməlidir:
"Yayın istisində susuzluq çətindir. Hər halda aidiyyatı qurumlar bir yolunu tapıb, həll etməldirilər. Biz də əlimiz çatan hər yerə müraciət etmişik. Ümid edirəm, problem tezliklə həllini tapacaq”./Meydan TV
Sorğu
Yeni dizaynımız necədir?