Fəridə Şərifova: "Əgər vəzifəndə qalmaq istəyirsənsə, 5000 manat ver öz vəzifəndə saxlayım! Mən bu vəzifəyə elə-belə gəlməmişəm, mənim arxamda da,»MTN» adamları var!” Bildirək ki, bu sözləri 275 saylı məktəbə yeni direktor təyin olunan Fəridə Şərifova, Təsərrüfat İşləri üzrə direktor müavini Şölə Qasımovaya deyib.
Beləki, tədris ili yekunlaşmaq üzrə olsa da, paytaxtın 275 saylı orta məktəbində baş alıb gedən qanunsuzluqlar barədə yeni-yeni informasiyalar redaksiyamıza daxil olmaqdadır. Sadiq oxucularımız xatırlayarlar, onların sırasına yeni qatılanlara bildiririk ki, indiyədək sözügedən təhsil müəssisəsində cərəyan edən neqativ hallar sırasından əsasən korrupsiya hüquqpozmalarına aid məlumatları paylaşmışıq. İndi isə korrupsiyanı müşayiət edən digər fəsadlardan da söhbət açacağıq.
Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrdə bildirmişdik ki, hazırki direktor Fəridə Şərifova rəhbər vəzifədə işə başlayan kimi sabiq direktor müavini Şölə Qasımovanı yanına çağırıb 5000 manat rüşvət tələb edib. Qasımova iddia edirdi ki, bu tələbi yerinə yetirmədiyinə görə işdən çıxarılmışdı. Sonradan bu versiyanın doğruluğuna dəlalət edən məqamlar üzə çıxdı. Ş.Qasımova direktor vəzifəsindən kənarlaşdırılandan sonra işinə bərpa edilməsi və aldığı mənəvi ziyana görə təzminat tələbi ilə məhkəmədə Bakı şəhər Təhsil İdarəsinə qarşı dava açıb və birinci instansiyada çəkişməni udub, vəzifəsinə qaytarılması barədə qərar çıxarılmasına nail oldu.
Oxucuların diqqətinə onu da çatdırmışdıq ki, təxminən bir ay əvvəl, direktor və «çete»si — , baş tədris hissə müdiri Ayişə Məmmədova, məktəb həmkarlar təşkilatı komitəsinin sədri Şahab İsayev, direktor müavini Bağdad Ağayeva bir araya gəlib apardıqları məşvərətdən sonra Ş.Qasımovaya «olan olub, keçən keçib» deyərək, məhkəmə qərarını gözləmədən məktəbə gəlib işə başlamasını xahiş ediblər. Bu qabaqlayıcı tədbir əslində Ş.Qasımovanın «başının altına yastıq qoymağa» hesablanılıb ki, «çete»nin onu şərləmək məqsədli növbəti məkrli niyyətindən duyuq düşməsin. Ş.Qasımova isə bu təklifə aldanmayaraq, qərarın tam qüvvəyə minməsini gözləyib və məktəbə məhz məhkəmə icraçılarının müşayiəti ilə gəlib. Lakin bu plan baş tutmasa da, 3 gün keçəndən sonra Bakı şəhər Təhsil İdarəsi və direktor başqa bir qondarma səbəb gətirərək, Ş.Qasımovanı vəzifədən kənarlaşdırmışdır. Bu isə o deməkdir ki, BŞTİ rüşvətxor direktorlarla yola getməyən təhsil işçilərini sistemdə saxlamaq istəmir, hər vəchlə olur-olsun, onları uzaqlaşdırır. Hətta qanun, ədalət mühakiməsi onların tərəfində olsa da belə.
13 May tarixində dərc etdiyimiz «əməliyyatı» yenidən dərc edirik
«Bu arada "Dəryaz”ın "sağ qulağı adı ilə tanınan "Oraq”, adı çəkilən təhsil müəssisəsinin bufetində çay içərkən görür ki, "Qaloş”un "sağ əli” adı ilə məşhurlaşan Natella Musayeva teztələsik harasa qaçır. Bunu görən "Qaloş”un gəlini Xədicə onun qarşısını kəsir ki, "A Natı, noolub hara qaçırsan?”. Cavabında o sevincək əlini əlinə sürtərək "sonra danışarıq, əməliyyata gedirəm” deyə cavab verir.
-Bıy, yoxsa sən həkim işləyirsən?
-Yox aa, nə həkim!
-Bəs nə əməliyyatdır, yoxsa «MTN»-ə işə düzəlmisən?
-Yox ee..direktor deyir ki, mərkəzdən təlimat gəlib ki, məhkəmə qərarı qüvvəyə minməmiş Şöləni işə çağırın və bir-iki gün qalmış müəyyən bir adla yenidən uzaqlaşdırın. O, dərhal özünü direktorun otağına verir. Bu söz "Orağı tutur və "əməliiyat”ın nəticəsini öyrənmək üçün direktorun qapısının ağzını kəsir. 5-10 dəqiqədən sonra direktorun otağından "əməliyytçılar”, o cümlədən "Qaloş”, onun "sağ əli”, "50 manatlıq”, rus dilindən başqa bütün dilləri əzbər bilən və ötən illər ərzində altı töhmətə sahib olan, həmçinin məktəbdə rus sektoru üzrə müavin vəzifəsini daşıyan və 65 yaşlı "yeniyetmə” də, məyus halda otaqdan çıxır. Gəlin xanım özünü saxlaya bilməyib "nooldu əməliyyat alınmadı?” Yox. Şölə dedi ki, "mən məhkəmə qətnaməsi qüvvəyə minməmiş qanunlarımızı pozub işə çıxa bilmərəm».
Bildirdiyimiz kimi, 275 saylı məktəbdə müəllimlər repetitorluqla məşğuldurlar və buna şərait yaradan direktora hər şagirddən ötrü aylıq 20 manat haqq verirlər. Bu neqativ hal isə yuxarıda qeyd etdiyimiz kimi özündə təkcə korrupsiya motivi ehtiva etmir, başqa fəlakətlərə də yol açır. Etibarlı mənbədən verilən məlumata görə, tarix fənninindən dərs deyən Aynur müəllimənin yanına repetisiyaya gedən Təranə Hüseyinovanın rəhbərlik etdiyi sinifdə oxuyan, X «b» sinif şagirdi, ailənin tək övladı, Emilya Cəbrayılova axşam saatlarında (repetisiya 18:00-dan sonra başlayırmış) yolu keçən zaman maşın altında qalaraq dünyasını dəyişib. Yeri gəlmişkən qeyd edək ki, sözügedən məktəbdə ümumiyyətlə qız şagirdlərin həyatı, taleyi təhlükə altındadır. Bir az öncə məktəbin IX sinif şagirdi erkən nikaha daxil olmuşdu ki, bu da əlbəttə, məktəbin də üzərinə məsuliyyət qoyur.
O da bildirilir ki, bu aralar direktor Fəridə Şərifova ilə müavini Ayişə Məmmədova arasında konflikt yaranıb. Ambisiyalı adam kimi tanınan Ayişə müəllimənin nəvəsinə sinif rəhbəri Əliyeva Zərifə yetərincə diqqət göstərməyib. O da öz növbəsində sinif rəhbərinin uşağının qiymətini «kəsib». Yaranmış nifaqı aradan qaldırmaq üçün sinif rəhbərinin xətrini istəyən müəllim həmkarları Ayişə müəllimənin yanına minnətə gəliblər. Lakin o, höccətindən dönməyib. Bundan sonra müəllimlər direktora xahiş etməli olublar. Direktor Ayişə müəlliməyə nəvəsinin sinif rəhbəri ilə münaqişəni uzatmamağı təklif edəndə isə müavin hirslə qapını çırparaq otaqdan çıxıb və az sonra ürəyi gedərək üstünə təcili yardım xidməti çağırılıb. Beləliklə, baxmayaraq ki, «aralarından su da keçmirmiş», yenə də direktorla müavini küsüblər. Halbiki, onları sıx korruptiv işbiriyi birləşdirirdi: Evdə təhsil alan şagirdlərin dərs saatlarını özlərinə yaxın müəllimlərə o cümlədən Xanım və Könül müəllimənin adına yazaraq pulunu bölürdülər. Məsələn, 5 a sinifində oxuyan İsgəndərov Məhəmmədəli və Quluzadə Ayxan tamamilə başqa bir müəllim yanında hazırlaşsa da, onun adına yazılmış dərs saatları direktor və müavini Ayişə müəllimə arasında bölünür.Həmin şagirdləri və dərs saatlarını əks etdirən jurnal isə itib. Deyilənə görə, bu kuryoz olayın səbəbkarları, yəni, jurnalı «it-bata» salanlar direktordan və «çete»sindən cana doymuş müəllimlərdir. (Bu arada Ayişə müəllimə həmişəki metodundan istifadə edərək məzuniyyətə çıxıb).
Görün direktor qarışıq bunların başı nə qədər qaçıb ki, Mehbarə Surxayeva 5-ci gün maşın vurub ödürən rəhmətlik Emilya Cəbrayılovaya 1-ci gün jurnalda qiymət yazıb.
Daha bir maraqlı detal ondan ibarətdir ki, Ayişə Məmmədovanın malik olduğu geniş imkanların, sahibi olduğu varidatın (villa, bahalı maşın, iri və xırda buynuzlu heyvan təsərrüfatı və s.) mənbəyinin aydınlaşdırılmasının zəruriliyi barədə yazımız işıq üzü görəndən sonra Ayişə müəllimənin əri Allahverdi müəllim ortaya çıxıb,üstümüzə minnətçi salmış, həyat yoldaşı haqda tənqidi məqalələrimizi paylaşmamağı xahiş etmişdi. İndi isə bu planı baş tutmadığından, nədənsə məhkəməyə , hüquq mühafizə orqanlarına deyil, Mətbuat Şurasına müraciət edib.
Çünki, Allahverdi müəllim yaxşı bilir ki,hüquq mühafizə orqanlarına müraciət etsə, içi son ölüm hadısəsi olmaqla çox mətləblərin üstü açılacaq. Ailənin yeganə övladının ölümünə səbəb isə Ayişə müəllimə ilə direktor arasında repetitorlardan gələn gəlirin bölüşdürə bilməməsi səbəbindən hazırlıq kursunun axşam saat 6-dan sonra məktəbdə keçirilməsidir ki, bu da tamamilə qanuna zidd hərəkətdir və birbaş cinayət xarakterli əməldir./azerinfo.az
Sorğu
Yeni dizaynımız necədir?