gundemxeber.az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Publika.az-a bildirib ki, yayılan hadisə ilə bağlı onlarda heç bir məlumat yoxdur: “ Sözügedən hadisə ilə bağlı bizdə nə rəsmi, nə də qeyri-rəsmi məlumat var”.
İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Babaxan Rufullayev Publika.az-a açıqlamasında hələ ki, hadisənin araşdırması ilə məşğul olmadıqlarını deyib: “Hazırda hadisəni hüquq-mühafizə orqanları araşdırır. Hazırda onlar şahidləri dindirirlər. Bu hadisə baş veribsə, bu barədə cinayət işi açılmalıdır. Onlar araşdırmanın nəticəsi barədə bizə məlumat verəndən sonra, biz də müvafiq işlər görəcəyik. Bizim əldə etdiyimiz məlumata görə, bu hadisədən sonra qız məktəbə gəlməyib. Hadisə tədris ili başa çatmamışdan 1 həftə əvvəl məlum olub. Əvvəl isə onun dərsə davamiyyəti yaxşı olub. Bu hadisə barədə yayılan məlumatların çoxu həqiqəti əks etdirmir. Qızın hamilə olması məlumatı şayiə də ola bilər. Bəzən adi məlumatı böyüdüb yayırlar”.
Həmin şagirdin təhsil aldığı məktəbin direktoru isə bildirib ki, qızın səhhəti və davranışında heç bir dəyişiklik müşahidə edilməyib: “Bu hadisə barədə bizə nə icra hakimiyyəti, nə də hüquq mühafizə orqanlarından rəsmi məlumat daxil olub. Hadisədə adı hallanan şagird bu il 8-ci sinfi bitirib. Qızı zorlayan şəxsin qonşuları olduğu deyilir. Onun iki bacısı və bir qardaşı da bizim məktəbdə oxuyub. Bacı-qardaşları ondan balacadır. Onların hamısının dərsə davamiyyəti yaxşı olub. Məktəbdə özünü pis hiss etməsindən sonra hadisənin aşkarlanması məlumatı yalandır. Bizim məktəbdə həkim var. Uşaqlar özlərini narahat hiss etsələr, ona müraciət edirlər. Həm də kimin ağlına gələ bilər ki, 8-ci sinif şagirdinin başına belə bir hadisə gəlsin”.
Direktor bildirib ki, uşağın ailəsinin bir həftədir Bakıya getməsi barədə məlumat yayılıb, lakin uşaqların heç birinin sənədi məktəbdən götürülməyib: “Ona görə də, onların geri qayıtmayacağını dəqiq deyə bilmərik”.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə faktla bağlı araşdırma başladıldığını bildirib: “Dünən bu barədə məlumat almışıq. Hadisə ilə bağlı tərəfimizdən araşdırma başladılıb. Təfərrüatı öyrənib, hadisənin dəqiqliyi təsdiqləndikdən sonra mətbuata da məlumat verəcəyik. Biz bu hadisəni diqqətimizdə saxlamışıq. Belə bir fakt təsdiqini taparsa, mütləq şəkildə həmin şəxslər hüquqi yollarla cəzalandırılacaq. Onu qeyd edim ki, şəxsi təcrübəmdə bu cür hallar zamanı polislərin laqeyd münasibət göstərdiyinin şahidi olmamışam. Olduqca ağır hadisədir, qızın hamilə olması, yaşının az olması onun səhhəti üçün də təhlükəlidir. Keçən il buna bənzər hadisə baş vermişdi. Biz o uşağın reablitasiyası ilə məşğul olduq. Daxili İşlər Nazirliyi də faktla bağlı araşdırma aparır. Nəticələr barədə mətbuata məlumat veriləcək”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hadisənin hüquqi yollarla həll olunmasının vacibliyini vurğulayıb: “Bu cür hallarla son vaxtlar çox qarşılaşırıq. Keçən il atası tərəfindən zorlanan 12 yaşlı qız barədə Səhiyyə Nazirliyi tibbi rəy əsasında abort edilməsi qərarı verilmişdi. 7-ci sinif şagirdinin də orqanizmi bu prosesə tab gətirməz deyə düşünürəm. Bizim təşkilata belə bir müraciət olmayıb”.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lerik rayonunda baş verən hadisənin təsdiqlənmədiyini bildirib: "Hələki həqiqəti əks etdirən heç bir fakt yoxdur. Sosial şəbəkələrdə müxtəlif şayiələr yayılır. "Azərişıq" ASC-nin bütün əməkdaşları öz vəzifələrini icra edirlər. Əməkdaşlarımız barəsində sözügedən hadisə ilə əlaqəli heç bir dəqiqləşmiş məlumat yoxdur. Şaiyələr əsasında hər hansı tədbir görülə bilməz".
***
Sosial şəbəkələrdə yayılan məlumata görə, kənd camaatı 13 yaşlı qıza təcavüz edən şəxsin evinə hücum edib. Kütləvi dava düşüb. İnsident zamanı bir neçə nəfər xəsarət alıb.
Deyilənə görə, Lerik rayon polisi həmin şəxsin evini mühasirəyə alıb.
Faktla bağlı prokurorluqda cinayət işi açılıb.
***
Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.
Sosial şəbəkədə paylaşılan məlumatda bildirilir ki, Lerik rayonunda 7-ci sinif şagirdi zorlanaraq şantaj edilib. Onun 4 aylıq hamilə olduğu deyilir.
Qızın 4 ay müddətində videogörüntüləri ilə şantaj edildiyi bildirlir. Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Utandığından ailə Lerikdən gedib.
Deyilənə görə, azyaşlını zorlayan şəxs “Azərişıq” ASC ninin regional idarə rəisinin müavini Aydın Məmmədovun sürücüsü və qardaşı oğludur. Rəis müavini vəzifəsindən sui-istifadə edərək baş verən hadisəni gizlətmək üçün rayon prokurorluğuna rüşvət təklif edib.
Sosial media istifadəçiləri yayılan görüntülərə kəskin münasibət göstərərək daxili işlər naziri Ramil Usubovadan hadisənin təcili araşdırılmasını və məsuliyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
Sorğu
Yeni dizaynımız necədir?