Sabiq vergilər naziri Fazil Məmmədov 2 aydır ki, xəstəxanadadır. Onu bu ilin aprelində Gəncə xəstəxanasına yerləşdiriblər. Həmin gündən sabiq nazir xəstəxanadadır. Xəstəxananın Fazil Məmmədova məxsus olması haqda bu günə qədər təkzib edilməyən məlumatlar var. Fazil Məmmədov xəstəxanaya çatdırılmazdan əvvəl isə onun yerləşdiriləcəyi ürək-damar xəstəlikləri şöbəsində yatan xəstələr digər şöbələrə köçürülüb.
Fazil Məmmədovun xəstəxanaya çatdırılmasını nəql edən mənbəmiz bildirib ki, həmin saatlarda xəstəxana qara kostyumlu şəxslər tərəfindən mühasirəyə alınıb. Xəstəxanaya giriş-çıxış ciddi nəzarətə götürülüb, ora kimsə buraxılmayıb. Həmin günlərdə sabiq nazirin Türkiyədəki məşhur xəstəxanalardan birinə köçürülməsi üçün addımlar da atılıb. Lakin son anda sabiq nazirin ölkədən çıxışına icazə verilməyib. Bildirilir ki, vəzifədə olduğu müddətdə Türkiyədə, İsraildə ən bahalı xəstəxanalarda müalicə olunub. Fazil Məmmədov bir neçə xəstəlikdən əziyyət çəkdiyi üçün vəziyyəti daha da ağırlaşıb.
Sabiq nazirin sağlıq durumunun hazırda normal olduğu deyilir. Bildirilir ki, onun müalicəni Türkiyədən və İsraildən çağırılan həkimlər həyata keçirirlər. Fazil Məmmədov hələ nazir olduğu dövrdən həmin həkimlərin nəzarətində imiş. Ölkədən çıxışı yasaq olunduğundan Fazil Məmmədov həmin həkimlərin qəbuluna gedə bilmir deyə, həkimlər xüsusi təyyarə reysləri ilə Gəncəyə gəlib onu müalicə edirlər.
Digər bir iddiaya görə isə Fazil Məmmədovun sağlıq durumunun ağırlaşması və xəstəxanaya yerləşdirilməsi onun ölkədən çıxmaq istəyi ilə əlaqədardır. Bildirilir ki, Fazil Məmmədov xəstəliyini qabartmaqla ölkədən çıxışına olan qadağanı aradan qaldırmağa can atır.
Daha bir ilginc iddia da var. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.
Mətbuatda yayılan maraqlı xəbərlərdən biri də sabiq nazirin xəstəxanada tənha qalması ilə bağlıdır. Bir neçə ay əvvələ qədər əmrinə müntəzir olan, onun sayəsində yüksək mənsəb sahibinə çevrilmiş bir çox məmur artıq sabiq nazirlə məsafə saxlamağa başlayıb. Hətta sabiq nazirin təqdimatı ilə Şəmkirə icra başçısı olan Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındakı 15-20 dəqiqəlik yolu qət edib Fazil Məmmədova baş çəkmədiyi haqda məlumatlar da var./musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?