Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”də müalicəsini davam etdirir. Sabiq nazirin sağlıq durumunun yaxşılaşdığı və yaxın günlərdə yenidən Gəncədəki xəstəxanaya qaytarılacağı haqda məlumatlar var.
Bildirilir ki, Fazil Məmmədova müalicə məqsədi ilə ölkədən 10 günlük getmək izni verilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir.
Fazil Məmmədovun türkiyəli həkimi Orhan Bilge onun son durumu ilə bağlı unikal.org-a açıqlama verərkən durumunun yaxşılaşdığını təsdiqləyib: “Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Fazil Məmmədovun müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.
Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.
Fazil Məmmədov vəzifədə olduğu dönəmdə onun ağır xəstə olması haqda məlumatlar yayılmışdı. İşdən çıxarılandan sonra, bu ilin aprelində Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirldiyi bildirilirdi. Qeyd olunurdu ki, xəstəxana Fazil Məmmədova məxsusdur, o, xəstəxanaya çatdırılmazdan əvvəl ürək-damar xəstəlikləri şöbəsində yatan xəstələr digər şöbələrə köçürülüb. Həmin günlərdə sabiq nazirin Türkiyədəki məşhur xəstəxanalardan birinə köçürülməsi üçün addımlar atılması xəbərləri də vardı. Lakin son anda sabiq nazirin ölkədən çıxışına icazə verilməmişdi. 2 ay sonra isə Fazil Məmmədovun vəziyyəti ağırlaşdığından ona 10 günlük Türkiyədə müalicə olmunmaq izni verilib. Bildirilir ki, vəzifədə olduğu müddətdə Türkiyədə, İsraildə ən bahalı xəstəxanalarda müalicə olunub./Musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?