Həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstanın əlaqəli hüquq-mühafizə qurumlarına təqdim edilməsi üçün yazılı ifadə verib. İfadənin Gürcüstan Prokurorluğuna təqdim edildiyi bildirilir.
Bu barədə Turan agentliyinə jurnalistin gürcüstanlı vəkili Archil Chopikashvili məlumat verib.
Əfqan Muxtarlı işi ilə bağlı keçən il Gürcüstanda da cinayət araşdırmasına başlandığını qeyd edən vəkil ötən müddət ərzində araşdırmada hər hansı irəliləyişin olmadığını bildirib.
"Biz hər dəfə mürciət etdiyimizdə araşdırmanın yubanmasını Əfqan Muxtarlının ifadəsini ala bilməmələri ilə izah edirdilər. Prokurorluq müvafiq müraciətlərə Azərbaycan tərəfinin cavab vermədiyini bildirirdi. Ona görə də biz Ə.Muxtarlının özünün yazdığı ifadəni prokurorluğa təqdim etdik", vəkil bildirib.
Jurnalist ifadəsini ötən ay göndərib, o, notarial qaydada gürcü dilinə çevrilib və Gürcüstan Prokurolugunun İstintaq İdarəsinə ünvanlanıb.
İfadənin məzmununa gəlincə, vəkil deyib ki, Ə.Muxtarlı orada başına gələnləri detallarınadək qeyd edib, İstintaqı ilgiləndirən mümkün bütün suallara aydınlıq gətirib.
Vəkil ifadənin prokurorluga təqdim edilməsinin jurnalistin işinin araşdırması ilə bağlı yeni gəlişmələrin ola biləcəyini ifadə edib.
Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Rəsmi ittihamda isə bunun əksi iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb. İttihamda iddia olunub ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.
Jurnalistə məhkəmənin qərarı ilə 6 il həbs cəzası verilib.
Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş" adlandırıb.
Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?