Səbail rayonu, Rəsul Rza küçəsi, 19-da yaşayan sakinlərlə eyni binada yerləşən dönərxana sahibinin illərdir davam edən münaqişəsi məhkəməyə qədər uzanıb. Sakinlər binanın yeganə giriş hissəsində yerləşən dönərxananın sökülməsini, kommersiya məqsədli obyekt üçün verilmiş sənədlərin ləğv edilməsini istəyirlər.
gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, şəhərin mərkəzində – “Malakan” bağının bir addımlığında yerləşən binanın 1861-ci ildə inşa edildiyi güman edilir. Redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, 157 yaşlı binanın yalnız bir girişi var. Obyekt də binanın giriş hissəsində tikilib, gediş-gəlişə mane olur. Qəza və ya fövqəladə hal baş verərsə, sakinlərin təxliyyəsi, yanğın, yaxud təcili yardım maşınlarının binaya girişi mümkün olmayacaq.
“Obyekt həftənin 7 günü 24 saat işləyir, səs-küydən evdə oturmaq mümkün deyil. Obyektin boruları həyətə açılır, daim yağ damır, ətrafa iy yayılır. Məhəllədə çox çirkin mənzərə yaranıb”, – sakinlər bizə ünvanladıqları müraciətdə bildiriblər. Onların sözlərinə görə, şəhərin mərkəzində obyekt işlədib yaxşı qazanc götürmək olar, amma sakinlərin hüquqlarına da hörmət etmək lazımdır.
Obyekt sahibi məhkəmə vasitəsilə qeydiyyatdan çıxarış (“kupça”) alıb. Qeyd edək ki, Tərəflərin mübahisəsinə avqustun 8-də Ali Məhkəmədə hakim İlqar Dadaşovun sədrliyi baxılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?