Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov çetesinin əsas simaları dəmir barmaqlıqlara göndərilsələr də, bu günə qədər cəzadan yayınanlar da var. Sabiq nazirin özü haqda çox yazılıb, deyilib. Onunla bağlı məsələ qeyri-müəyyəndir - bu gün əminliklə “Eldar Mahmudovu tutmayacaqlar” deyənlər çoxluqdadır. Fikirlərini əsaslandırmaq üçün də gətirdikləri dəlillər də “daşdan keçir”.
Eldar Mahmudov, onun MTN-də formalaşdırdığı komandanın əməlləri tarixdə olmuş ən qəddar mafioz cinayətkar qruplaşmalarla bəhsə girəcək qədər böyük və çoxşaxəli idi. Kimsənin ağlına belə gəlmirdi ki, 2015-ci ilin bir oktyabr günü bu mafioz qruplaşma pərən-pərən salınacaq, ən məşhur generallarını qandallayıb Bakı İstintaq Təcridxanasına göndərəcəklər. Bu baş verdi və artıq “mahmudovçu”ların əksəriyyəti məhkəmə hökmünü alıb cəza yerlərinə də göndəriliblər. Eldar Mahmudovun həbsi məsələsində də belə bir ssenari baş tuta bilər.
Eldar Mahmudovun azadlıqda qalan komanda üzvləri də yox deyil. Onlardan biri də “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur.
Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bütün dünyada axtarılır.
Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” şefinin “tifağı dağıdılandan” 1 gün sonra-18 oktyabr 2015-ci ildə qaçmışdı. Özünü iş adamı kimi tanıdan bu zat faktiki tikinti sektorundakı imkanlı iş adamları haqda dosye toplayıb şəxsən Mahmudova çatdırmaqla məşğul olub. Dosyelər çete üzvlərinə ötürülüb və bundan sonrası texniki məsələ olub - adamları dinləyib, izləyib və sonda “böyük cinayət törətmiş” kimi şərləyib tutublar. Bundan sonra “Akula Akif” araya girib və iş adamlarına xidmətlərini təklif edib. Çarəsiz, əli hər yerdən üzülmüş iş adamları Milli Təhlükəsizlik Nazirliyindəki çete üzvlərinin qanlı caynağından canlarını qurtarmaq üçün var-dövlətlərindən keçməklə azadlığa qovuşublar. Qazanan tərəf isə “Akula Akif”ə pay-puş şəklində pullar ötürüb. Bununla belə, “Akula Akif” vasitəsilə MTN caynağına keçmiş iş adamları elə onun özünün himayəçiliyindən istifadə etmə reallığı ilə üz-üzə qalırdılar. Ən yaxşı halda onu bizneslərinə 25-30 faiz payla şərik edirdilər.
Bu, illərlə davam edən proses olub və “Akula Akif” badə yoldaşı Eldar Mahmudovun “vurulması”ndan dərhal sonra ölkədən qaçıb. İlk vaxtlar onun sorağı Fransa paytaxtından gəlirdi. Sonralar isə İspaniyada olması haqda məlumatlar vardı. Son xəbərlərə görə, “Akula Akif” plastik əməliyyat keçirməklə üz cizgilərini, zahiri görünüşünü dəyişdirib, tanınmaması üçün müxtəlif üsullardan istifadə edir.
İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə anadan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. Azərbaycanın Baş Prokurorluğunun İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları ilə qurduğu operativ təmaslar sayəsində “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyulub. Hazırda “Akula Akif” barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. O, tapılıb istintaqa təhvil verildikdən sonra istintaq davam etdiriləcək.
Eldar Mahmudovun axtarışda olan digər emissarı isə “Rabitə işi” üzrə axtarışa verilmiş “Caspian Telecommunication LTD” şirkətinin rəhbəri və “AKEY” MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimovdur. O, Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur. “Akula Akif” Eldar Mahmudovun “işverəni” kimi ad çıxarıbsa, Ayaz Kərimov sabiq nazirin “qulağı” hesab edilir. Eldar Mahmudovun qanunsuz dinləmələr üzrə dəstəsinin aparıcı üzvlərindən biri olub. Onun barəsində cinayət təqibi Eldar Mahmudov “vurulandan” 2 ay sonra, 2015-ci ilin dekabrında başlanıb. “MTN işi” çərçivəsində başlanan istintaq zamanı Ayaz Kərimovun barəsində Cinayət Məcəlləsinin 312.2-ci - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə cinayət işi başlanıb. Lakin onu təqsirləndirilən şəxs qismində istintaqa cəlb etmək mümkün olmayıb. Çünki cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbsli axtarış başlanıb. 2016-cı ildə Ayaz Kərimovun cinayət əməli CM-in 179.3.1 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.
Onun barəsində CM-ın həmin maddələri ilə yenidən ittiham elan edilməsi qərarı qəbul edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Caspian Telecommunication LTD” şirkətinin faktiki olaraq, ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun dostu ilə A.Kərimovun müştərək şirkətləri olması müəyyən edilib. Həmin şəxslər “Cartburg NC” şirkətinin Azərbaycanda fəaliyyətinə rəhbərlik edib. “Cartburg NC” şirkəti tərəfindən əldə olunan aylıq külli miqdarda gəlirin qeyri-qanuni yolla “AGbank” ASC-nin Mişa adlı işçisində toplanması, onun tərəfindən əvvəlcədən müəyyən olunub. Məhkəmə A.Kərimovun mülkiyyətində olan Az 10 A 378 nömrəli “Harley Devidson” markalı motosikletinə, ona məxsus olan “AKEY” MMC-nin mülkiyyətində olan Az 10 PB 378 nömrəli “Maserati Quatroporte S Q4" markalı avtomobilinə, Az 90 AA 378 nömrəli ”Jaguar XJ" markalı avtomobillər və Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1 hektar torpaq sahəsi üzərinə həbs qoyub. Eldar Mahmudov “vurulandan” sonra “AKEY” MMC-nin işçilərinin “Aztelekom” MMC-də, və mobil operatorlarda quraşdırıb xidmət göstərdikləri avadanlıqlara baxış keçirilib. “Aztelekom” MMC-də olan avadanlıqların “Cartburg NC” şirkətinə, digər müəssisələrdə olan avadanlıqların isə ləğv edilmiş MTN-ə məxsus olması müəyyən edilib. Həmçinin “Cartburg NC” şirkətinin “Aztelekom” MMC-nin “S-12" beynəlxalq stansiyasında quraşdırılmış avadanlıqların qiymətləndirilməsi aparılıb, həmin avadanlığın amortizasiya xərcləri nəzərə alınmaqla və avadanlığa yüklənilmiş proqram təminatı qiymətləndirilmədən dəyərinin 112 min 826 ABŞ dolları olduğu müəyyən olunub. Bu günə qədər Eldar Mahmudovun ”qulağı"nın harada gizləndiyi bilinmir./“Yeni Müsavat”
Sorğu
Yeni dizaynımız necədir?