Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.
Hadisə ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gələn “Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilən baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilən baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.
Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əliyev Hümmət Yusif oğlu saxlanılıb, onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?