Dövlət İmtahan Mərkəzi sosial şəbəkələrdə mərkəzin adından istifadə etməklə saxta səhifələr yaradılması ilə bağlı xəbərdarlıq edib. Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, DİM hazırlıq kursları ilə əməkdaşlıq etmir və mərkəzin hər hansı hazırlıq kursu ilə əlaqəsi yoxdur.
“Son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bəzi səhifə və qruplar “profil” şəkli və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar”, -DİM-dən deyiblər.
Bu tip səhifələr DİM-in yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər. Xəbərdarlıqda qeyd olunur ki, tədris ilinin əvvəli olduğu üçün müəyyən hazırlıq kursları da daha çox abituriyent cəlb etmək üçün Dövlət İmtahan Mərkəzinin adından qeyri-qanuni olaraq istifadə edirlər. Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?