Tədris mövsümünün başlamasına az qalmış məktəb yaşlı uşaqların sağlam qidalanması məsələsi yenidən gündəmdədir. gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, ötən tədris mövsümündə Təhsil Nazirliyinə uşaqlarda sağlam qidalanma vərdişlərinin aşılanması üçün düzgün qidalanma ilə bağlı tövsüyələrin dərsliyə salınması, tənəffüs vaxtının artırılması, məktəblərdə ictimai qidalanma bloklarının yaradılması ilə bağlı təkliflər verilmişdi.
Çünki məktəblilər və onların valideynləri, həmçinin müəllimlər arasında keçirilən sorğulara görə məktəb bufetlərində zərərli qidaların satışının qadağan olunması uşaqların menyusuna o qədər də təsir etməyib, hələ də “cipsi”, şirin kekslər, “sukari”, “çubuklar”, yaxud qazlı içkilər azyaşlıların sevimli qidalardandır. İndi az qala hər məktəbin yaxınlığında mağazalar var, zərərli qidalar əlçatandır.
Təhsil Nazirliyi məktəb bufetlərində zərərli qidaların satılmaması üçün bu ilki tədris mövsümündə də nəzarəti davam etdirəcək. Amma mütəxəssislər tədrisin başlamasına az qaldığını nəzərə alaraq indidən valideynləri ehtiyatlı olmağa səsləyirlər.
Məktəblərdəqidalanma vərdişləri ilə bağlı araşdırma
Hazırda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi xüsusilə orta məktəblərdə qidalanma vərdişləri ilə bağlı mütəmadi araşdırma aparır. Mərkəzin tibbi keyfiyyət standartları şöbəsinin əməkdaşı Nərmin Əliyevanın sözlərinə görə, “Tam orta məktəblərdə məktəbyaşlı uşaqların qidalanma vərdişləri, habelə məktəb bufet və yeməkxanalarının vəziyyətinin qiymətləndirilməsinə dair tədqiqat” çərçivəsində respublika üzrə 25 məktəbdə sorğu keçirilib.
Sorğunun nəticələrinə görə, şagirdlərin evdən nahar üçün əsasən peçenye, su və kolbasa-sosiskalı çörək gətirdiklərini bildiriblər. “Sorğuda iştirak edənlərin 68,8 faizi məktəb yeməkxanasından istifadə etdiyini bildirdi. 51 faiz bufetlərdən bulka, 31 fazi peçenye, 24 faiz su aldığını söylədi”, -Əliyeva virtualaz.org-a bildirib.
Onun dediyinə görə, məktəblərdə maarifləndirici tədbirlər mütəmadi olaraq aparılır və nəticələrin müsbət istiqamətdə dəyişdiyi müşahidə edilir: “Biz sorğuda məktəblilərdən soruşmuşduq ki, onların qida seçiminə hansı amillər təsir göstərir? Şagirdlərin 65 faizi qida seçimlərində valideynlərinin məsləhətinin rol oynadığını bildirmişdilər. Ona görə də valideynlərlə də sağlam qidalanma ilə bağlı maarifləndirici söhbətlər aparırıq. Müəllimlər, eləcə də valideynlərin böyük əksəriyyəti məktəb yeməkxanalarında isti yeməklərin verilməsinin tərəfdarıdır”.
Sorğuda iştirak edənlərin əksəriyyəti tənəffüs vaxtının azlığına görə tezhazırlanan yeməklərə üstünlük verdiklərini bildiriblər.
“Bu həftə hazırlıq mərhələsi olmalıdır”
Sağlam qidalanma ilə bağlı hazırlanan təkliflərin müəlliflərindən biri, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov virtualaz.org-a bildirib ki, sağlam qidalanmamaq yalnız xəstəliklərə yol açmır, uşağın psixoloji inkişafına zərər vurur, dərsin keyfyyətinə təsir edir. Buna görə də sağlam qidalanma ilə bağlı tövsiyələrin tədris olunmasının tərəfdarıdır.
Əhmədovun sözlərinə görə, artıq bu həftədən yeni tədris mövsümünə hazırlığa başlamaq lazımdır. Çünki 3 aydırlıq istirahətdən sonra uşaq birdən-birə yeni rejimə keçir, gündəlik vərdişlərin, üstəlik hava mühütünün dəyişməsi uşaqların uyğunlaşmasını çətinləşdirir, maddələr mübadiləsini pozur, stress yaradır.
“Sağlam qidalanma məsələsinə hərtərəfli riayyət etmək lazımdır, məsələn, yeməklərin tərkibi dəyişdirilməlidir, payız mövsümünə uyğun meyvə-giləmeyvədən yüngül qidalar hazırlanmalıdır. Dərsin vaxtı ilə qidalanma rejimi tənzimlənməlidir, yuxu rejiminə düzgün əməl edilməlidir. Valideynlər çalışsınlar, bu həftədən uşaqları məktəb rejiminə alışdırsınlar”, -İ.Əhmədov deyib.
Valideyn uşağın cibinə pul qoyur ki “zəhər” alsın?
Pediatr Aytən Quliyeva isə deyib ki, sağlam qidalanmaya dair təkliflərə səthi yanaşmaq olmaz. Çünki son illər bütün dünyada, o cümlədən Azərbaycanda məktəbyaşlı uşaqlar arasında piylənmə, qan azlığı, şəkərli-diabet, ürək-damar, onkoloji, xroniki abstruktiv xəstəliklər artıb. Belə xəstəliklərin yaranmasına səbəb isə "fast-food”lar, şirniyyatlar, eləcə də rejimə riayyət edilməməsi təsir edir. Hansı ki, həmin qidalar trans-yağlardan hazırlanır.
Həkimin sözlərinə görə, məktəblərin yaxınlığında yerləşən mağazaların qarşısına enerji içkilərinin, yaxud cipslərin reklamlarının vurulması qadağan edilməlidir. Bundan əlavə, məktəblərdə uşaqları inandıracaq şəkildə təbliğat aparılmalı, video materiallar nümayiş olmalıdır. Uşaq inanmalıdır ki, həqiqətən bu qida onun gələcyi üçün təhlükəlidir.
“Digər tərəfdən məktəblərin əksəriyyətində isti qidalar təklif edilir, amma tənəffüs vaxtı qidalanmaya kifayət etmir. Böyük tənəffüsün vaxtını ən azı 5 dəqiqə artırsınlar”, müsahibimiz bildirib.
A.Quliyeva valdideynləri də günahlandırıb. Deyir ki, dəfələrlə valideynlərin uşağa pul verib “cipsi” almasına şərait yaratdığının şahidi olub: “Valideyn deyir ki, ac qalmamaq üçün cipsi yeməsinə icazə verdim. Başa salırıq ki, cipsi ilə orqanizmi zəhərləməkdənsə ac qalmaq yaxşıdır”.
Həkim uşaqların əməl etməli olduğu rejimdən danışıb. Kiçik yaşlı uşaqlar 10-12 saat, 10-12 yaşlılar 9-10 saat, ondan böyüklər isə ən azı 8 saat yatmalıdır. Buna görə də xüsusilə kiçik yaşlı məktəblilər ən geci saat 9:00-da yatmalıdırlar. Əks halda fiziki və zehni qabiliyyəti aşağı düşür, uşaqlarda nevroz yaranır.
Qeyd edək ki, məktəb bufetlərində sanitariya vəziyyəti və qidaların keyfiyyətinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib. Agentliyin mövzu ilə bağlı açıqlamasında isə uşaqların qida təhlükəsizliyinin önəmli olduğunu, məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərində qidalanma rasionlarına nəzarət həyata keçirəcəklərini bildiriblər. Amma bu, uşaqları zərərli qidalanmadan çəkindirmək üçün yetərli olacaqmı? Belə görünür ki, bu sahədə hələ çox iş görmək, maarifləndirmə ilə yanaşı nəzarət mexanizmlərindən də güclü şəkildə istifadə etmək lazım gəlir...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?