Azərbaycanın Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi rüşvət alarkən yaxalanıb. Bu barədə Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, komitənin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması məlum olub.
Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
Natiq İmanov tutduğu vəzifədən azad edilib və fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?