Azərbaycan Ali Məhkəməsi hakim Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətini təmin etməyib.
Sentyabrın 18-də keçirlən prosesdə Əfqan Muxtarlının özü iştirak etməyib.
Jurnalist Şəki Apellyasiya Məhkəməsinin qərarından şikayət vermişdi. Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Vəkil bildirib ki, jurnalistə qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb.
Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.
Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.
Əfqan Muxtarlının Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət verəcəyi gözlənilir.
Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə ttihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.
Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?