Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının gənc fəalı, böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Orxan Baxışlının işi üzrə prosesdə hökm oxunub. Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.
Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müdafiə tərəfi Baxışlıya bəraət verilməsini istəyib.
Bu gün keçirilən prosesdə Orxan Baxışlı və vəkili Elçin Sadıqov son söz deyib.
“İttiham əsassızdır, Orxan Baxışlı təqsirsizdir. Ona görə də Baxışlıya bəraət verilməlidir”, Sadıqov qeyd edib.
Orxan Baxışlı son sözündə deyib ki, həbs onun üçün mübarizənin növbəti mərhələsidir.
“Bizdə Seymur Həzinin ailəsi, Yaqublular ailəsi kimi möhtəşəm nümunələr var. Mən həbsdə olan əqidədaşlarım Gözəl Bayramlımın, Fuad Qəhrəmanlının, Babək Həsənovun, Ruslan Nəsirlinin və digərlərinin yanında olduğuma görə fəxr edirəm. Mən bu vətənin uğrunda tərəddüd etmədən ölümə gedərəm. Mənim sevgilim vardı, qarşımda “ya mən, ya mübarizə” seçimi qoydu. Baxmayaraq ki, onu çox sevirdim, amma yenə də mübarizəni seçdim”, Baxışlı qeyd edib.
Orxan Baxışlı haqqındakı hökmə "Azadlıq!" şüarlarıyla reaksiya verib.
Siyasi fəalın anası Kəmalə Rəhimli Amerikanın Səsinə oğlunun həbsinin siyasi sifariş olduğunu bildirib.
“Oğlum siyasi fəaliyyətinə görə uydurma ittihamla həbs edilib. Məhkəmədə oğlumun günahı sübut olunmadı”, o qeyd edib.
Orxan Baxşlı bu il mayın 6-da saxlanılıb, üzərindən 6 qram heroin aşkarlındığı bildirilib. Siyasi fəal ittihamı rədd edərək narkotik maddənin cibinə qoyulduğunu deyib.
Baxışlının həbsi 2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı başında mayın 3-dəki çıxışından bir neçə gün sonraya təsadüf edir. O, hakimiyyəti jurnalistin ölümündə ittiham etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?