Sabirabad sakini Elman Əliyev üç yaşlı nəvəsinin ölümünün araşdırılmasından narazıdır.
Şikayətçi BBC New Azərbaycancaya açıqlamasında iddia edir ki, "nəvəsinin ölümünə səbəb həkimlərin yanlış diaqnoz qoyması və düzgün müalicə aparmaması" olub.
Elman Əliyevin sözlərinə görə, "üç yaşlı Səkinəxanım Novruzovanın ölümü haqqında bir neçə məhkəmə instansiyası qərar çıxarıb, amma bunların heç biri qaneedici olmayıb".
Cənab Əliyev deyib ki, "nəvəsinin yüksək qızdırması olub və bu şikayətlə əvvəl Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına müraciət ediblər.
"Oranın həkimləri Samirə Orucova və Fərhad Rəcəbov uşağa müalicə etdilər, amma fayda vermədi. Uşağı oradan çıxarıb Mərkəzi Klinikaya apardıq",- Elman Əliyev belə deyib.
O bildirib ki, Mərkəzi Klinikada həkim-pediatr Sevinc Abdullayeva uşağı qəbul edib və ona "FMF", İrsi Aralıq dənizi qızdırması diaqnozu qoyaraq müalicəyə başlayıb.
"Uşağın anası təsadüfən Türkiyədəki həkimlərlə danışıb və ona deyilib ki, bu diaqnoz Azərbaycanda qoyula bilmir, çünki genetik analiz vermək tələb olunur və diaqnozun qoyulması belə asan deyil", Elman Əliyev deyib.
Daha sonra Elman bəy nəvəsini İrana analiz üçün aparıb və nəticələrdən məlum olub ki, uşaqda FMF xəstəliyi olmayıb, onun xəstəliyi onkolojidir.
Respublika Onkoloji Mərkəzə müraciət edən ailə burada da dayanmayıb uşağı Moskva şəhərinə aparıblar.
Cənab Əliyevin sözlərinə görə, Moskvada onlara deyilib ki, "artıq çox gecikmisiz" və Səkinəxanım Novruzova 2015-ci ilin avqustunda vəfat edib".
Elman Əliyev bildirir ki, sonuncu qərar verən orqan Ali Məhkəmə məsələ ilə bağlı inzibati xarakterli hökm çıxarıb.
Məhkəmə qərarında yazılıb ki, "Ə. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri Samirə Orucovaya qarşı ümumilikdə üç min manat, Səhiyyə Nazirliyinə tabe olan Mərkəzi Klinika və onun həkimi Sevinc Abdullayevaya qarşı ümumilikdə üç min manat maddi və mənəvi zərərin ödənilməsi təmin olunsun".
Cənab Əliyev bildirib ki, o, məhkəməyə müalicə müddətində xəstəxanalara və onların yalnış diaqnozuna görə xaricə səfəri üçün xərclədiyi 22 min 500 dollar məbləğində vəsaitin qəbzlərini məhkəməyə təqdim edib.
Elman Əliyev iddia edir ki, işlə tanış olan hüquq mühafizə orqan əməkdaşları ona deyiblər ki, "bu işdə cinayət tərkibi var, ona görə yenidən istintaqa qaytarılmalıdır". "Baş prokuror Zakir Qaralovun qəbulunda oldum və mənim də iştirakımla baş prokurorun müavini Rüstəm Usubovun başçılığı ilə prokurorlardan ibarət qrup yaradılmasını tapşırdı. Həmin komissiya sentyabrın 11-də iclas keçirdi və mən də iştirak etdim",- Elman Əliyev belə deyib.
Onun sözlərinə görə, iclasda respublikanın baş pediatrı Nəsib Quliyev, Respublikanın Pataloji Anatomiya ekspertizasının rəisi Ədalət Həsənov, Bakı Şəhər prokurorluğunun böyük müstəntiqi Abdulla Abdullayev, Bakı Şəhər İstintaqa Nəzarət idarəsinin rəisi Rəşad Mansurov və Rüstəm Usubov sədr kimi iştirak ediblər, amma görüşün nəticəsi barədə ona heç nə deyilməyib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan mövqe almaq mümkün olmayıb.
Elman Əliyev deyir, "nəvəsinin ölümündə həkim səhlənkarlığı var və həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar, amma hüquq mühafizə orqanları və Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza komissiyası bu işi ort-basdır edir".
Səhiyyə Nazirliyi ittihamlara cavab verməyib.
İddialarda adı keçən 2 saylı Uşaq Klinik Xəstəxanasının şöbə müdiri Fərhad Rəcəbov BBC News Azərbaycancaya deyib ki, məhkəmənin qəbul etdiyi təzminat onun tərəfindən ödənilib.
Müalicə müəssisəsi daxilində isə cəzalandırma olmayıb.
"Uşağın xəstəliyinə gəldikdə isə o, bizdə cəmi beş gün müalicə alıb və bizdə olan müayinə metodlarında o xəstəlik tapılmayıb. Xəstəlik şiş böyüyəndən, iki aydan sonra Moskvada tapılıb və bizim ölkədə bu diaqnozu qoymaq çətindir",- Fərhad Rəcəbov belə deyib.
Həkim deyib ki, "mən o insanları başa düşürəm, nəvələrin itiriblər, amma təbabətin gücü çatmayan işlər var".
"Həkim ilkin olaraq xəstəyə baxanda əli ilə və şikayətlərə əsasən diaqnoz qoyur. Mən əlimlə o şişi müəyyən edə bilmərəm və çox kiçik olduğundan bunu bizim aparatlar da göstərməyib",- Fərhad Rəcəbov bildirib.
"Moskvada onu böyüyəndən sonra görə biliblər" Şikayətçi Elman Əliyev deyir ki, "nəvəsinə Mərkəzi Klinikada yalnış diaqnoz qoyulub, FMF (İrsi Aralıq dənizi qızdırması) yazılıb və həmin diaqnoz üzrə düzgün olmayan müalicə aparılıb".
Mərkəzi Klinik Xəstəxananın həkimi Sevinc Abdullayeva BBC New Azərbaycancaya deyib ki, "ona qarşı olan iddiaları qəbul etmir. Məhkəmənin çıxardığı maddi vəsaitin də ödənilib-ödənilmədiyi haqqında məlumatlı deyil".
Sevinc Abdullayevanın sözlərinə görə, o, məhkəmədə diaqnoz qoyulmasının düzgün olduğunu sübut edib və bunu inkar edəcək faktlar yoxdur.
"Ona FMF diaqnozu nöqtəvi şəkildə qoyulmayıb. Söhbət həkimin xəstəyə doğru yanaşmasından gedir. Mən onlardan lazimi analizləri istəmişəm və qarin boşluğunda heç bir şübhəli limfa, törəmə aşkarlanmadiği üçün dərman yazmışam. Yəni o dərman diaqnozu dəqiqləşdirmək və ya təsdiqləmək məqsədiylə təyin olunub",- həkim Sevinc Abdullayeva belə deyib.
Xanım Abdullayeva bildirib ki, xəstəyə Moskvada qeyri-adi bir müayinə metodu tətbiq olunmayıb, burada həkimə aid hər hansı bir səhv, irad tutla bilməz.
Elman Əliyev şikayətinə düzgün baxılmadığı qənaətindədir və yenidən istintaqa müraciət etməklə mübarizəsini davam etdirəcəyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?