Yüksək hərarətli uşağı taleyin ümidinə buraxan xəstəxananın işçisi medianı bu hadisəni şişirtməkdə suçlayır Fevralın 4-də yüksək hərarəti olan körpəni xəstəxana qəbul etməyib.
Valideynləri 1 yaş 3 aylıq Əhməd Mehdizadəni yüksək qızdırmayla Qaradağ rayonundan Bakıya Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına gətiriblər. Amma xəstəxana rəhbərliyi körpəni müayinə üçün qəbul etməyib. Səbəb olaraq isə yerlərinin çatışmadığını, körpənin yönləndirmə kağızı olmadığını deyiblər.
Bu sözləri ANS TV-nin müxbirinə açıqlamasında körpənin atası Nadir Mehdiyev deyib: “Uşağın birdən vəziyyəti pisləşdi, temperaturu qalxdı. Rayondakı həkim də dedi ki, birdən uşağın vəziyyəti daha da pisləşər. Ona görə də aparın şəhərə. Biz də uşağı gətirmişik Qarayev adına uşaq xəstəxanasına. Amma qəbul edən yoxdur. Dedim, heç olmasa səhərə kimi sizin nəzarətinizdə sabaha kimi qalsın burda. Ona da razı olmadılar. Dedilər, körpənin yönləndirmə kağızı yoxdur, ona görə də biz qəbul edə bilmərik”.
Məsələ ilə bağlı Əbülfəz Qarayev adına 2 saylı klinik uşaq xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın qəbul şöbəsindən bildirdilər ki, məsələni çox şişirdirik: “Lazım oldu-olmadı, həkimlər haqqında o qədər yazılar yazırsınız ki, camaatın həkimlərə qarşı nifrəti oyanır. Deyilənlər yalandır. Xəstə bizə müraciət edib, uşağın qıcolması olub. Xəstəxanada yer olmayıb, ona görə qəbul şöbəsinin yanındakı boş otağa yerləşdirilib. Uşaq qoyulub filterə. Xəstənin valideyinləri özləri qalmaq istəməyiblər. Deyiblər ki, bu otaqda şərait yaxşı deyil, hamamı, tualeti yoxdur. Ona görə də biz burada qala bilmərik. Özü ərizə yazıb ki, bu xəstəxanada qalmaq istəmirik. Sonradan gedib hardasa, nəsə danışıbsa, bunun bizim xəstəxanaya nə aidiyyatı var? Belə də olmaz axı, valideyinin hər dediyi düz olası deyil ki. ANS də gəlib arsız-arsız bunu çəkib. Elə bil, böyük şey olub, dünya dağılıb. O körpəyə lazımı yardım edilib. Heç bir həkim kiminsə düşməni deyil. Bunu da bu qədər şişirtməyin yeri yoxdur. Daha artıq məlumat almaq üçün administrasiya ilə əlaqə saxlayın”.
Qəbul şöbəsindən bizə administrasiyanın telefon nömrəsi verildi. Bu nömrə ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran olmadı.
Maraqlıdır ki, adı şəkilən 2 saylı klinik uşaq xəstəxanası 2010-cu ildə əsaslı təmirdən çıxıb. Yenidənqurmadan sonra baş tutan açılışda dövlət başcısı və xanımı da iştirak edib. Bütün standartlara cavab verildiyi deyilən xəstəxanada bir körpə uşağın müalicəsi üçün yer olmaması qəribədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?