İşğalçı ölkə BMT Baş Assambleyasında keçiriləcək görüş ərəfəsində Qarabağda hərbi təlimlər keçirməyə qərar verdi
Ermənistan hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası dünən daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bugün - sentyabrın 26-da keçiriləcək. Əvvəlcədən xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT sədrinin səhra köməkçisinin iştirakı ilə keçiriləcək görüşdə Qarabağ məsələsi növbəti dəfə müzakirə mövzusu olacaq.
Ancaq işğalçı Ermənistanın davranışları və təxribatçı mövqeyi əvvəlcədən bu danışıqların hansısa müsbət nəticə verəcəyini şübhə altına alır. Belə ki, “danışıqlar prosesinə sadiqlik” bəyanatını verən Ermənistan elə danışıqlara hazırlıq ərəfəsində beynəlxalq hüquqa zidd növbəti addım atmağa qərarlı olduğunu nümayiş etdirib. İşğalçı ölkənin mediasının yaydığı məlumata görə, Ermənistan ordusu Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları keçirəcək. Bu isə Azərbaycanın müharibəyə cəlb olunması istiqamətində növbəti addımdır. Rəsmi Bakı bir qayda olaraq sülh danışıqlarını davam etdirməyə, məsələni ədalətli şəkildə, dinc yolla həll etməyə hazır olduğunu bəyan etdiyi halda, Ermənistan hökuməti savaş ritorikasına üstünlük verir və sərgilənən davranış da təxribatların davam etdiriləcəyini təsdiqləyir.
Əslində Ermənistan ordusuna məxsus helikopterlərin işğal olunmuş ərazilərimizin səmasında təlim uçuşları keçirməsi ilk hadisə deyil. İşğalçılar hətta bu ərazilərdə şou uçuşları da həyat keçiriblər. Ancaq artıq uçuşların hərbi təyyarələrlə həyata keçirilməsi niyyəti aşkar həyasızlıqdır. Özü də bu addımın BMT Baş Assambleyasının sessiyası ərəfəsində atılması elə beynəlxalq təşkilatlara, Təhlükəsizlik Şurasının 25 il əvvəl qəbul etdiyi 4 qətnaməyə tüpürməkdir. Ancaq bunun qarşılığında BMT rəhbərliyinin Ermənistan hakimiyyətinə ünvanlandığı təbrik məktubunda təriflər yağdırmasının özü nonsesdir.
Xatırladaq ki, 2014-cü ilin noyabrında Ermənistan ordusuna məxsus helikopterlərdən biri təlim uçuşu həyata keçirdiyi zaman vurulmuşdu. O zaman da işğalçı ölkə davamlı şəkildə təxribatlara əl atırdı və sonda ağır məğlubiyyətə uğradı. Hətta o vaxt bəzi erməni ekspertlər bu təxribatın arxasında hakimiyyətini qorumaq üçün etirazçı kütlənin diqqətini daxildən yayındırmaq istəyən eks-prezident Serj Sərkisyanın dayandığını iddia edirdilər. Hazırda da baş nazir Nikol Paşinyan və onun komandası var gücü ilə daxildəki etirazları arxa plana keçirməkdən ötrü Qarabağda gərginliyi tətikləyirlər.
Artıq Azərbaycan Ermənistanın bu təxribatçı hərəkətinə sərt reaksiya verib və qəti xəbərdarlıq edib. Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Düşmənin təxribatı bununla bitmir. Bu ərəfədə Kəlbəcər dağlarında müxtəlif terrorçu qruplaşmalarının təlim keçdiyi bildirilir. Türkiyədəki mənbələrin də təsdiqlədiyinə görə, onlar arasında “PKK” terrorçuları da var. (Moderator.az) Mirkazım Laçın Alxaslının “YouTube” kanalına rayonun Nadirxanlı kəndində təlim keçən bir dəstənin görüntüləri yerləşdirilib. Məlum olur ki, aralarında gənc qızların çoxluq təşkil etdiyi dəstə dağlıq, meşəlik ərazilərdə, çay içərisində cürbəcür təlimlər icra edir, müxtəlif növ və kalibrli atıcı silahlardan sərrast atəş açmağı öyrənirlər. Qeyd edək ki, bundan əvvəl də Ermənistanda təlimlər keçən PKK-çıların Türkiyə ərazisinə keçməyə hazırlaşdığı barədə xəbər yayılmışdı. İşğalçı ölkə terror təşkilatları ilə əməkdaşlığını davam etdirir, həmçinin onlara işğal altındakı ərazilərimizdə təlim düşərgələri yaradıb. Bu isə həm Türkiyə, həm də Azərbaycanın təhlükəsizliyini təhdid edən məsələdir.
Qeyd edək ki, Ermənistan ordusunun hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşlarını 25-28 sentyabr tarixində həyata keçirəcəyi bildirilir.
Hərbi ekspert Tərlan Eyvazov Ermənistan ordusunun Qarabağda hərbi təyyarələrin və helikopterlərin iştirakı ilə təlim uçuşları həyata keçirməsinə münasibət bildirib. O, “yeniçağ.az”a bildirib ki, kiçik təyyarələr və helikopterlər Qarabağda alçaqdan uçuşlar həyata keçirirlər: “Bildiyim qədər, qırıcı təyyarələrin uçuşu bu günə qədər olmayıb. Əgər belə uçuşlar baş tutarsa, bu, Azərbaycan xalqına, dövlətinə və ordusuna həqarət deməkdir. O qırıcı təyyarələr Qarabağ səmasında görünən kimi vurulmalıdır”. T.Eyvazov bildirib ki, Azərbaycan ordusu erməni hərbi təyyarələrini və helikopterlərini vurmağa borcludur: “Bəziləri düşünür ki, Azərbaycan erməni qırıcılarını və helikopterlərini vurduğu təqdirdə müharibə baş verəcək. Bu, qətiyyən baş verməyəcək. Çünki o ərazilər Azərbaycana məxsusdur və ordumuz bu addımı atmaqda haqlı olacaq. 2014-cü ildə Ağdam istiqamətində erməni helikopterinin vurulması hər birimizin xatirindədir. O zaman müharibə oldu? Yox! Çünki Azərbaycan tərəfi haqlı idi. Ona görə də düşmənə icazə vermək olmaz ki, bizi təhqir etsin”.
“Düşünürəm ki, bu, çox vaxtında edilən xəbərdarlıqdır. Bundan düşmən gərək nəticə çıxarsın. Əgər nəticə çıxarmasa, Azərbaycan Silahlı Qüvvələri mümkün hər hansı bir təxribatı əvvəlcədən qabaqlayıb onun qarşısını alacaq”.
Bu sözləri isə qondarma “DQR”in aviasiya təlimlərinə qarşı Müdafiə Nazirliyindən edilən xəbərdarlığa münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, bu gün Ermənistanda Paşinyanın gündən-günə aşağı düşən nüfuzunu ört-basdır etmək üçün erməni rəhbərliyi yenə də Qarabağ faktorundan istifadə etməyə çalışır: “Qarabağ kartını əldə tutaraq, daxili auditoriyanın, cəmiyyətin fikirlərini sosial problemlərin həlsizliyindən yayındırmaq istəyirlər. Paşinyan hakimiyyətə gələndə verdiyi vədləri yerinə yetirə bilməməsini Qarabağ məsələsi ilə ört-basdır etmək niyyətindədir. Onun bu addımı Qarabağda olan vəziyyəti gərginləşdirir və o, bu gərginliyə cəmiyyətin diqqətini cəlb etmək, daxili problemlərdən yayınmaq və hakimiyyətinin ömrünü uzatmaq məqsədi daşıyır”. Axar.az-ın məlumatına görə, polkovnik qeyd edib ki, beynəlxalq qurumların Ermənistana etdiyi bütün çağırışlara, müraciətlərə baxmayaraq, Paşinyan danışıqlardan yayınmaq üçün addımlar atır: “Çünki onlar danışıqlara gedəndə konkret hansısa təkliflərlə çıxış etməlidirlər. Bundan yayınmaq üçün hazırda Ermənistan tərəfi müəyyən istiqamətlərdə təxribat törətməyə çalışır. Cənab prezident öz çıxışında bu təxribata diqqət çəkdi və Azərbaycan ordusunun bu yaxınlarda təmas xəttində erməni təxribatının qarşısını qəti şəkildə aldığını qeyd etdi”. Polkovnikin sözlərinə görə, ermənilərin təlim keçirmək istədikləri məkan Azərbaycan əraziləridir: “Hətta Dağlıq Qarabağa aid əgər status müzakirəsi varsa, Dağlıq Qarabağ ətrafındakı 7 rayona heç bir iddia ola bilməz və Azərbaycan bu ərazidə istənilən addımı gerçəkləşdirə bilər. Bu ərazilərdəki düşmən uçuş aparatları da məhv edilə bilər. Ona görə də MN belə sərt çıxışlarla Ermənistana öz xəbərdarlığını edib və əvvəlcədən də ola biləcək təxribatlar nəticəsində itkilər və digər vəziyyətə görə bütün məsuliyyətin işğalçı qüvvələrin üzərinə düşdüyünü bəyan edib”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında Ermənistanın təxribatının arxasında dayanan məqsədlər barədə ilginc açıqlama verdi: “Bunların məqsədi vəziyyəti aydınlaşdırmaqdır. Paşinyan aydınlaşdırmaq istəyir ki, müharibə başlasa, Rusiya Ermənistana kömək edəcək, ya yox? Məlumat bundan ibarətdir ki, nə Rusiya, nə də KTMT bunlara köməyə gəlməyəcək”.
Eks-nazir qeyd etdi ki, indiki mərhələdə daxili siyasətdə də vəziyyət gərgindir və hökumət diqqəti Qarabağa yönəldir: “Paşinyana müxalif olan insanlar hamısı ruspərəst qüvvələrin ətrafına yığılıb. Paşinyan istəyir ki, Qarabağda ”test" edəndən sonra nəticədən asılı olmayaraq Qərb siyasətini açıq şəkildə həyata keçirsin. O düşünür ki, Ermənistanı bu yolla böhrandan çıxaracaq. Elə Nyu-Yorkda erməni diasporu ilə görüşdə də deyib ki, artıq bizə diasporanın xeyirxah yardımları lazım deyil, Ermənistana investisiyalar qoymaq gərəkdir. Bu yolla o, artıq istiqaməti göstərir ki, qərbpərəst siyasəti olsa, Qərbdən ölkəsinə investisiyalar gələcək".
İrəvandakı mer seçkilərində namizədi qalib gələn N.Paşinyan diqqəti xarici düşmənə yönəltməklə daxildə parlament seçkilərində də qələbəsini təmin edəcəyini düşünür. Bu mənada onun komandası israrla oğlunu Qarabağa əsgər yollayan Paşinyanın fitnəkar siyasətinə uyğun davranırlar. Ancaq belə görünür ki, erməni baş nazir arzusuna çata bilməyəcək. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Paşinyana qarşı İrəvan məhkəməsi qarşısında iddia qaldırması da bunu sübut edir. Erməni mediasının məlumatına görə, Köçəryan şərəf və ləyaqətini ictimai böhtanlardan qorumaq üçün məhkəməyə müraciət edib. Rusiya prezidenti Vladimir Putin Azərbaycandan sonra Ermənistana da səfər edəcək. Rusiya lideri ilə dostluq əlaqələri olan Köçəryanın Paşinyanın üzərinə getməsi çox maraqlı hadisələr vəd edir. Hər halda, Köçəryan Paşinyanı peşman etmək istəyir. Düzdür, erməni baş nazir də geri çəkilmək istəmir. Ermənistan Polis Qoşunlarının keçmiş komandanı general-leytenant Levon Yeranosyanın Xüsusi İstintaq Xidmətinə çağırılması da bunu nümayiş etdirir. Onun adı bir sıra dinc aksiyaları zorakılıqla dağıtmaqda hallanır. N.Paşinyan üçün ən unikal vəziyyət ölkəsinə növbəti “aprel müharibəsi"ni dadızdırmaq və sarsılmış erməni xalqının səslərini alıb parlament çoxluğuna nail olmaqdır. Amma bu da risklidir, çünki Azərbaycan ordusunun növbəti döyüşlərdə harada dayanacağını kimsə deyə bilməz.../MUSAVAT.COM
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?