"Azerspace-2" telekommunikasiya peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb
Azərbaycanın "Azerspace-2" telekommunikasiya peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. "Azerkosmos" ASC-nin məlumatına görə, peyk orbitə "Arianespace" şirkətinə məxsus "Ariane-5″ daşıyıcı raketi ilə göndərilib.
"Azerspace-2" peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.
"Azerspace-2" 190 milyon dollara başa gəlib. Peykin istismar müddəti 20 il təşkil edəcək və o, Azərbaycan iqtisadiyyatına 400 mln. dollar gəlir gətirəcək.
Hələ "Azerspace-2" buraxılmazdan əvvəl onun tutumunun 46%-ni aparıcı beynəlxalq peyk xidmətləri şirkəti olan "İntelsat" əldə edib.
Müqavilə şərtlərinə əsasən, bu müqavilə üzrə ödənişlər layihənin həyata keçirilməsi xərclərinin 60%-nin qaytarılmasını təmin edəcək.
Bu, Azərbaycanın orbitə buraxılan üçüncü peykdir.
2013-cü il fevralın 9-da Kuru kosmodromundan "Azerspace-1" peyki buraxılıb. Onun hazırlanması və buraxılması xərcləri 233 mln. dollar təşkil edib.
Bundan sonra, Airbus Defece and Space ASC şirkəti ilə razılaşmaya əsasən 2014-cü ilin iyununda orbitə çıxarılmış "Azersky" peyki "Azerkosmos"a təhvil verilib.
“Azerspace-2” peykinin sentyabrın 26-da Kuru kosmodromundan orbitə buraxılması ilə bağlı prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində deyilir ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb.
“Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir”.
İ.Əliyev “Azerspace 2” peykinin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edildiyini deyib.
“Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azerspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”, prezident qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?