Azərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasındakı kosmodroma (Qviana Kosmik Mərkəzi) çatdırılıb.
AZƏRTAC dövlət agentiyi bildirir ki, bu barədə Fransanın “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz “Twitter” səhifəsində məlumat verib. Peykin bu ilin sentyabrında orbitə buraxılması nəzərdə tutulur.
Azərbaycan peyki orbitə “Ariane 5 ECA” raket daşıyıcısı vasitəsilə göndəriləcək. “Azerspace-2/Intelsat 38” ilə yanaşı, “Intelsat” birgə müəssisəsinin “Horizons 3e” və yapon operatorunun “Sky Perfect JSAT Corp” peykləri də fəzaya buraxılacaq.
“Azerspace-2/Intelsat 38” peyki geostasionar orbitə 45 dərəcə şərq uzunluğu mövqeyindən göndəriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Peykin istehsalçısı “MDA - Space Systems Loral” (SSL) Kanada korporasiyasının törəmə şirkətidir. Bu şirkət kosmik aparatları idarəetmə sistemlərinin də tədarükçüsüdür.
Azərbaycanın ilk “Azerspace/Africasat-1a” rabitə peyki 2013-cü il fevralın 8-də 46 dərəcə şərq uzunluğu mövqeyindən geostasionar orbitə buraxılıb. Bu peykin buraxılması da “Arianespace” şirkəti tərəfindən Kuru kosmodromundan həyata keçirilib.
Hazırda orbitdə Azərbaycanın iki peyki fəaliyyət göstərir. “Azerspace-1” Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya, həmçinin “Azersky” bütün dünyaya, o cümlədən “Google” kimi iri amerikan şirkətlərinə telekommunikasiya xidmətləri göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?