Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun şikayətinə baxılıb.
Yunis Səfərov işgəncələrdən və vəkil Elçin Sadıqovun müdafiəsindən məhrum edildiyindən şikayət edib.
Apellyasiya instansiyası şikayəti təmin etməyib, Səbael rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu barədə Amerikanın Səsinə Bakı Apellyasiya Məhkəməsində bildiriblər.
Səfərov özü məhkəmədə iştirak etməyib.
Oktyabrın 3-də Səfərovun anası Leyla İsmayılova bəyanatla çıxış edərək, oğlunun işgəncə altında öz vəkilinə böhtan atmağa məcbur edildiyini bildirib.
Bir müddət əvvəl Baş Prokurorluq vəkil Elçin Sadıqovu Səfərovun müdafiəsindən kənarlaşdırıb və ondan Vəkillər Kollegiyasına şikayət edib.
İyulun 3-də Rusiya vətəndaşı, Gəncə sakini Yunis Səfərov tapancadan açdığı atəşlə Elmar Vəliyevi və onun mühafizəçisini yaralayıb. Bir həftə sonra 150-200 nəfərdən ibarət bir qrup insan şəhər administrasiyası qarşısında etiraz aksiyası təşkil edib. Polislə qarşıdurma zamanı iki yüksək vəzifəli polis zabiti öldürülüb.
Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edilərək həbs olunduğunu, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib. Rəsmi qurumların məlumatına görə hadisələrlə bağlı axtarışda olan 6 şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb.
Sorğu
Yeni dizaynımız necədir?