Azərbaycan həbsxanalarında bəzi məhbuslara yaradılan imtiyazlı şərait yenidən gündəmdədir. Mobil telefon, internetdən istifadə, televizorlu, kondisionerli ayrıca kameralar – bütün bunlar bəzi məhbuslara yaradılan imkanlar arasında sadalanır.
Dustaqların Biləcəri stansiyasında xüsusi vaqondan qaçması ilə bağlı keçirilən məhkəmə prosesində tərəflərin ifadəsindən bəlli olur ki, “Qoca” ləqəbli Etibar Məmmədov həbsdə saxlandığı vaxt sərbəst şəkildə üç mobil nömrədən istifadə edirmiş. Bir ayda 32 saat telefonla danışa bilib.
Keçmiş məhbus, jurnalist Əvəz Zeynallı da deyir ki, həbsxanada imkanı, pulu olan məhbusa hər cür şərait yaradılır. Deyir ki, o, həbsdə olduğu vaxt xəstə, imkansız dustaqların zonda saxlandığına, amma pulu olan məhbusların müalicə mərkəzinə göndərilməsinin şahidi olub:
“Müdürlər, narkobaronlar, narkotacirlər yüksək qiymətlə müalicə hissələrində qalırdı. Əslində, indi tibbi hissələr ancaq varlılar, imkanlılar üçündür. Yəni həbsxanada hər şey pulladır. Salam, yaxşı münasibət pulladır. Məsələn, Kürdəxanada kiçik nəfəsliklərdən başını çıxarıb hava almaq pulladır, hamam pulladır, telefonla danışıq, görüş pulladır. Xüsusi şərait, imtiyazlı otaqlar pulladır”.
Həbsxanalara nəzarət edən Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bütün səslənən iddiaları rədd edir. O bildirir ki, bütün məhbuslar üçün eyni şərait yaradılır:
“O iddia ki kimsə pulla imtiyazlı imkan yaradılır bu, tamamilə absurddur. Əvvəla, məhbusda pul ola bilməz, bu qadağandır. Pulu olan məhkumlar nə desən edə bilər kimi iddiaların da heç bir əsası yoxdur. Bu cür hallara heç vaxt yol verməmişik, vermərik də. Amma bəzən mobil telefonlar qanunsuz yollarla içəri keçirilə bilir və bu cür hallar aşkararlananda hüquqi qiymət verilir”.
Mehman Sadıqov deyir ki, yalnız məhbuslar deyil, həm də ədliyyə əməkdaşlarına da qarşı hüquqi tədbirlər görülür.
Ötən il kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov azadlığa çıxma xəbəri qədər onun saxlandığı kamera da diqqət çəkmişdi. Sual yaranırdı ki, televizor, idman qurğuları, böyük pəncərəsi olan bu cür kameralarda kimlər saxlanır?
Hüquqşünas Yalçın İmanov deyir ki, qanunla məhbuslar arasında ayrı-seçkiliyə yol verilməməlidir. Həm "Cəzaların İcrası Məcəlləsi", həm də "Cəzaçəkmə müəssisələrində saxlanma qaydası" bunu tələb edir. Amma o deyir ki, reallıq qanundan tamamilə fərqlidir:
“Amma mən özüm də vəkil olduğum dövrdə şahidi olmuşam ki, həbs olunmuş keçmiş məmur daha yüksək şəraitdə saxlanır. Məşiət baxımından təchizat, kamerasının ən müasir tələblərə cavab verməsi, telefon, televizor, internet. Yəni, bu cür hallar reallıqda baş verir”.
Yalçın İmanov bildirir ki, qanunvericillə məhbus cəzasının növündən asılı olaraq, ümumi rejimli və ya qapalı rejimli həbsxanada saxlanıla bilər. Digər heç bir halda məhbuslar arasında ayrı-seçkilikdən söhbət gedə bilməz.
Pulu olan məhbusa imtiyazlı imkanlar yaradılır? Bəs, pulu olmayan məhbus hansı problemlərlə üzləşir? AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:
Zaman-zaman gündəmə maddi imkanlarına görə həbsxanada bəzi məhbuslara yaradılan imtiyazlarla yanaşı, rüşvət iddiaları da gəlir.
Penitensiar Xidmət bütün iddiaları rədd edir. Hüquqşünas Yalçın İmanov isə bildirir ki, bu cür halların qarşısını almaq üçün bütün məhbuslara bərabər imkanlar yaradılmalıdır. Əks halda belə iddiaların ardı-arası kəsilməyəcək./AzadlıqRadiosu
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?