Qulu Məhərrəmli: “Vaxtilə jurnalist qətli xəbəri müharibə bölgəsindən gəlirdi, indi isə...”
Bolqarıstanın şimal-şərqindəki Rusçuk şəhərində oktyabrın 6-da öldürülən jurnalist qadın Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxs Almaniyada həbs olunub.
Bolqarıstanın baş naziri Boyko Borisov, baş prokuror Sotir Tzatzarov və daxili işlər naziri Mladen Marinovun birgə keçirdikləri mətbuat konfransında cinayətkarın 21 yaşlı Severin Krasimirov olduğu açıqlanıb. Verilən məlumata görə, jurnalist Viktoriya Marinova Tuna çayı sahilində hücuma məruz qalıb.
Krasimirovun keçmiş boksçu olduğu və hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Baş nazirin sözlərinə görə, aparılan testlər qətlin Krasimirov tərəfindən törədildiyini tam təsdiqləyir.
Baş prokuror bildirib ki, hazırkı mərhələdə Viktoriya Marinovanın öldürülməsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu demək mümkün deyil və istintaq bütün versiyaları nəzərdən keçirir. “Hazırda əldə edilən dəlil-sübutlar göstərir ki, qurbana hücum anidən baş verib və məqsəd seksual təcavüz olub”, - deyə baş prokuror qeyd edib.
Otuz yaşlı Viktoriya Marinova regional TVN televiziyasının administrativ direktoru və aparıcısı idi.
“Washington Post” qəzetinin ştatdankənar müxbiri, türk əsilli Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedəndən sonra yoxa çıxıb. Türkiyə rəsmiləri onun konsulluqda qətlə yetirildiyinə inanırlar, lakin Səudiyyə bu iddianı rədd edir. Səudiyyə rəsmiləri israr edirlər ki, jurnalist konsulluğun binasını tərk edib.
Keçmiş qəzet redaktoru olan Qaşıqçı Səudiyyə Ərəbistanını ötən il, ondan Yəmən müharibəsinin tənqidi ilə bağlı yazılarına görə qisas alınacağından ehtiyatlandığına görə tərk etdiyini bildirib. Macarıstana səfəri əsnasında danışan Ərdoğan deyib ki, “səudlar yaxalarını ”o, konsulluğu tərk edib" deməklə qurtara bilməzlər".
Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanla Budapeştdə keçirdiyi mətbuat konfransında deyib: “Onların çox sayda kameraları var... Əgər o, oranı tərk edibsə, sübutunu niyə təqdim etmirlər. Biz bu məsələni belə buraxmayacağıq”.
Ərdoğan bildirib ki, Türkiyə polisi, kəşfiyyatı və ədliyyəsi bu məsələni araşdrır. Türkiyə lideri deyib ki, bu məsələni çözmək onun “siyasi və insani vəzifəsidir”. İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Slovakiyada öldürülən 27 yaşlı jurnalist Yan Kuçiakın qətli ilə bağlı maraqlı məlumat üzə çıxıb. Jurnalistin qətlini sifariş verən şəxsin qatilə külli miqdarda pul ödədiyi məlum olub. Adının açıqlanmasını və fotosunun çəkilməsini istəməyən prokuror mətbuat konfransı zamanı bildirib ki, sifarişçi muzdlu qatilə 70 min avro ödəyib. Onun sözlərinə görə, qətlə görə 4 nəfər: sifarişçi, vasitəçi, köməkçi və atəş açan şəxs saxlanılıb.
Qeyd edək ki, 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak 2018-ci il fevralın 25-də evində nişanlısı ilə birlikdə qətlə yetirilib. Onun öldürülməsindən sonra Slovakiyada siyasi böhran yaşanıb, ölkənin baş naziri, mədəniyyət naziri və daxili işlər naziri istefa verib.
2014-cü ildə özünü “İslam Dövləti” adlandıran terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşması ABŞ-dan olan jurnalist Ceymis Foulini vəhşicəsinə qətlə yetirmişdi. Terrorçular jurnalistin başını kəsmiş və bu dəhşətli səhnəni videoya da çəkmişdilər.
İŞİD bəyan edib ki, bu, ABŞ-a ismarışdır. Bununla onlar ABŞ-dan qoşunlarını İraq ərazisindən çıxarmağı tələb edirlər.
“İŞİD” tələbləri yerinə yetirilməzsə, girovluqda saxladıqları digər amerikalı jurnalisti - “Time” dərgisinin müxbiri Coela Sotloffanı qətlə yetirəcəkləri ilə hədələyib.
Tanınmış televiziya mütəxəssisi, media eksperti Qulu Məhərrəmli hesab edir ki, bu mənzərənin yaranmasının iki səbəbi var. Onun sözlərinə görə, rejimlərin demokratik və avtoritar olmasından asılı olmayaraq jurnalistlərə qarşı başlanan səlib yürüşünün səbəbi dünyada naqisliklərin artmasıdır. Müsahibimiz hesab edir ki, dünyada korrupsiyanın güclənmə dalğası baş verib: “İdarəçilər elə yetişib ki, azad sözü, tənqidi eşitmək istəmirlər. İctimai nəzarətə tab gətirmək istəmirlər. Bunun da nəticəsində ictimai aşkarlığı ifadə edən jurnalistlərə qarşı qisas hərəkətləri edilir. Bu, Avropa ölkələrində daha çox olur. Adətən statistikalar müharibə zonalarından verilib. Amma son zamanlar idarəçilərin söz azadlığını məhdudlaşdırması faktları heç də müharibə zonalarından gəlmir”.
Q.Məhərrəmli hesab edir ki, Donald Trampın Amerikada hakimiyyətə gələn kimi ilk növbədə jurnalistlərə qarşı müharibə elan etməsi də dünyada jurnalistlərə qarşı münasibətin pisləşməsinin bir əlamətidir: “Son vaxtlar bu mövzuda ciddi geriləmə var. Hazırda Amerikada ictimai qınaqlar olduğu üçün Tramp mediaya qarşı hücumları səngidib. Amma hakimiyyətinin ilk bir illik dönəmində söz azadlığına qarşı çıxışları müəyyən dərəcədə dünyada demokratiyanın beşiyi olan ölkə rəhbərinin söz azadlığına ”bəhrəsi" demək idi. Tendensiya o istiqamətdə gedir və bu, çox qorxuducudur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?