Statistikaya əsasən məlum olur ki, son vaxtlar Bakıda cibgirlik hallarının sayı xeyli azalıb.
Daha çox ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə gözə dəyən bu dırnaqarası peşənin sahibləri bəzən sıravi vətəndaşdan heç də fərqlənmirlər. Sabiq polis rəisi Şəmsəddin Əliyev deyib ki, həmin şəxslər bəzən o qədər səliqəli geyinirlər ki, adi insanlardan seçilmirlər: "Yanında olan adam heç şübhələnmir. Həm də onlar bir yox, bir neçə nəfər olurlar. Bəzən avtobus sürücüləri onları tanıyır. İşlərini görən kimi tez avtobusdan düşməyə çalışırlar”. İnsanların fikir dağınıqlığından istifadə edən cibgirlər daha çox əl çantaları və geyimlərin cibinə əl uzadır. Peşəkar cibgirlər istədikləri qəniməti elə ələ keçirir ki, sahibinin heç ruhu incimir. Ekspert Elmar Nurəliyev bildirib ki, vətəndaşlar öz əşyalarını, çantalarını və digər aksesuarları görünən vəziyyətdə saxlamamalıdırlar: "Əşyaları özünüzə yaxın və möhkəm tutmaq lazımdır. Cibgir sizin üzərinizdən nəyisə oğurladısa, həmin dəqiqə reaksiya vermək də olmaz. Çünki onların üzərində kəsici, deşici alətlər ola bilər və sizə zərər yetirə bilərlər”. Son illər cibgirlik cinayətlərinin sayında xeyli azalma var. Şəhərin küçələrində, ictimai yerlərdə kamera müşahidə aparatlarının quraşdırılması cibgirlərin baş ağrısına çevrilib. Adının açıqlanmasını istəməyən keçmiş cibgir isə son illərdə insanların, xüsusi ilə qadınların geyiminin cibgirliyə mane olduğunu deyib: "O qədər dar geyinirlər ki, bəzən oradan nə isə çəkib çıxarmaq çətin və təhlükəli olur”. (ARB)
Sorğu
Yeni dizaynımız necədir?