Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman S.İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonun Nehrəm kəndində 1971-ci ildə anadan olub, hazırda Yasamal rayonunda qeydiyyatdadır.
S.İbrahimov deyib ki, bizneslə məşğuldur. O, vəkilinin təcili işi olduğu üçün məhkəməyə gəlmədiyini söyləyib.
Daha sonra zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov orderi məhkəməyə təqdim edib.
İstintaq dövründə zərərməkmiş E.Allahverdiyev mülki iddia qaldırıb. O, 162 min 400 dollar maddi ziyanın və 50 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.
Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və həbsdən buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib. /Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?