21 noyabr 2018-ci il tarixdə DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının koordinatoru Rafiq Təmrazov özünün facebook hesabından status yazaraq ailə üzvlərinə təzyiq göstərilməsi barəsində məlumat vermişdir. Məlumatda R.Təmrazovun anasının bu səbəbdən gərginlik yaşadığı bildirilir.
Baş verənlərlə bağlı Rafiq Təmrazov bunları bildirdi: “Anamın mənə zəng vurması və gərginlik keçirməsi həm də digər ailə üzvlərimin təzyiqə məruz qalmasının nəticəsidir. Əslində mənim anam həm zəhmətkeş insandır, həm də hər çətinlikdən qorxan qadın deyil. Sadəcə qardaş və bacılarımın da təzyiqə və mənim susdurulmağıma hesablanmış təhditlərə uyğun olaraq anam bu cür reaksiya verdi. Mən isə anama dedim ki, mən heç kəsi təhqir etməmişəm və heç kəsin şəxsinə yönəlik aşağılayıcı və ya təhqiredici söz deməmişəm. Azərbaycanda demokratik dəyərlərin sıradan çıxması, insan hüquqlarının pozulmasıyla bağlı, o cümlədən siyasi məhbuslarla bağlı fikirlərimi söyləmişəm və hesab edirəm ki, dediyim fikirlər həqiqətə uyğundur. Anama dedim ki, bu fikirlərə görə nə sən, nə də başqa bir şəxs heç bir məsuliyyət daşımır”. DAS təşkilatının koordinatoru bildirdi ki, bu günlərdə bu hadisənin baş verməsinin iki səbəbi var: “İlk növbədə hesab edirəm ki, bu DAS təşkilatının aktiv fəaliyyət göstərməsi və Avropada bir qrup siyasi aktivlərin burada cəmlənməsilə bağlıdır. Son aylar təşkil olunan bir neçə mitinqdə DAS təşkilatının təşəbbüsü və dəstəyilə keçirilməsi təbii olaraq Azərbaycan hakimiyyətini ciddi narahat etmişdir. İkinci səbəb də birincinin davamı olaraq Regensburq şəhərində İnzibati Məhkəmənin qarşısında 15 noyabrda təşkil olunmuş mitinqdə mənim çıxışımla bağlı olmuşdur. Həmin çıxış sosial şəbəkələrdə yayılmış və hökumət təmsilçiləri məni susdurmaq qərarına gəlmişlər”. R.Təmrazov sonda bir daha qeyd etdi ki, baş verən insident son dövrlər DAS təşkilatına qarşı hökumətin çirkin addımının bəlkə də ən yumşaq formasıdır: “Təsəvvür edin ki, Camal Seyidli, Pərviz Abdullayev, Elmir Şirəliyev, Nadir Məmmədov, Orxan Ağayev, İsgəndər Səfər, Aqil Hüseynov, Səadət Əliyeva, Sevinc İsgəmdərova, Müşviq Qocayev, Elşən Abdullayev, İntiqam Xudiyev və s. DAS üzvlərinin yaxınları və ailə üzvləri müxtəlif formalarda təzyiqə məruz qalmışlar və bu gün də təqib olunurlar”. GundemXeber.Az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?