İcra başçısının həbs etdirdiyi qadının oğlu hakim partiyadan imtina etdi
gundemxeber.az Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin şərəf və ləyaqətini təhqir etdiyi iddiası ilə 4,6 ay həbsə məhkum edilən Şərəf Səfərəliyevanın oğlu Aydın Aydınlı anasının həbsindən əvvəl baş verən hadisələrlə bağlı maraqlı məlumatlar açıqlayıb. A.Aydınlı anası barədə məlumatlara hətta daxili işlər naziri Ramil Usubovun reaksiya verdiyini vurğulayıb: “Noyabrın 12-də rayonda anamın işlədiyi idarədə iclas keçiriləcəkdi. Anama da müdiri bildirib ki, icra başçısının tapşırığı var ki, Bakıya getməsin, iclasda çıxış etməlidir. Anamın da həmin gün məhkəməsi vardı. Anam da məhkəmədə iştirak edə bilməyərək rayonda qalıb. Anamın bir səhvi olub ki, bu barədə məhkəməyə bildirməyib. Axsam saat 5-də anama zəng edəndə dedi ki, polis onu məhkəməyə aparıb. İdarədən soruşanda iş yoldaşları bildirdilər ki, 30-a yaxın polis əməkdaşı anamı Bakıya məhkəməyə aparıb. Bu barədə məlumat yayıldıqdan sonra anama Daxili İşlər Nazirliyindən bildirdilər ki, nazir Ramil Usubov anamı qəbul etməlidir. Anam Bakıya gəldi və nazirliyə getdi. Rayon polis idarəsinin müdiri Elnur müəllim anama zəng vurdu, anamın telefonu məndə idi. Elnur müəllim xahiş etdi ki, anam nazirin qəbuluna getməsin, o özü Bakıya gəlir, məsələni müsbət həll edəcək. Anam da savadsızlığından, məlumatsızlığından bu sözdən sonra həmin gün nazirin qəbuluna getmədi. Polis rəisi də Bakıya gəlmədi, zəng də etmədi. Bunun ardınca məhkəmə oldu və anamı azadlıqdan məhrum etdilər”. A.Aydınlı deyir ki, polis rəisinin bu hərəkəti özünü sığortalamaq məqsədi daşıyıb: “Çünki anam məhkəməyə polislər tərəfindən qanunsuz olaraq aparılmışdı. Sanki cani kimi 30-a yaxın polis anamı Bakıya gətirib. Bu açıqlamanı verməkdə məqsədim nazirliyin diqqətinə anamın həmin gün qəbula gəlməməsinin səbəblərini çatdırmaqdır. Nazirlikdə bizimlə maraqlandılar, amma Ramil Usubovun təyin etdiyi rayon polis idarəsinin rəisi ona qarşı saxtakarlıq etdi. Anamı hansısa səbəblərdən həbs etdilər. Mən Lütfəli Babayevin adını bədnam etdiyi YAP üzvlüyündən imtina edirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?