“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.
Gundemxeber.az Virtualaz.org-a istinadla bildirir ki, qurultayda İcmanın yeni İdarə Heyəti təsdiqlənib.
Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev İcmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər.
Qeyd edək ki, indiyədək İcmanın sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.
Onu da xatırladaq ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.
2006-cı ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.
İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?