Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 19-na təyin etdiyi mitinqə icazə verib.
Milli Şuradan verilən məlumata görə mitinq Yasamal rayonu "Məhsul" stadionunda olacaq.
Başlıca tələblər Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, ölkədən oğurlanmış, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış korrupsiya pullarının xalqa qaytarılmasından ibarətdir.
Bundan öncə Müsavat Partiyasi “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə yanvarın 12-nə mitinq təyin etmişdi. Lakin Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirməyin məqsədəuyğun olmadığı cavabını verib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?