Yanvarın 6-da bir qrup fəal həbsxanada dekabrın 26-dan aclıq edən bloger Mehman Hüseynova azadlıq şüarı ilə Bakı Apellyasiya Məhkəməsinin qarşısında aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb.
Aksiyanın tәşkilatçısı ictimai fəal Mete Türksoy vә daha bir neçə iştirakçı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb.
Aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, Mehman Hüseynova azadlıq aksiyası zamanı saxlanılanlardan 6 nəfəri məhkəməyə aparılıb.
“Kanal13 internet televiziyasının jurnalisti Elçin Rəhimzadə, Monitor TV-nin əməkdaşı İsmayıl İslamoğlu, aksiyanın təşkilatçısı Mete Türksoy, Yaşar Xaspoladov, Qoşqar Əhmədov və daha bir nəfərə həbs cəzası kəsiləcəyi gözlənilir”, o qeyd edib.
Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb.
Bu son bir neçə gündə “Mehman Hüseynova və siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirilən ikinci etiraz aksiyasıdır. Müsavat Partiyası isə yanvarın 12-də eyni şüarla mitinq keçirmək barədə qərar qəbul edib. Birinci aksiya zamanı 4 fəal inizbati qaydada həbsə məhkum edilib, daha dörd fəal isə cərimələnib.
Bununla yanaşı Mehman Hüseynova dəstək məqsədi ilə ictimai-siyasi fəallar aclıq aksiyasına başlayıb. Sosial şəbəkələrdə geniş müdafiə kampaniyası təşkil edilib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?