Onun yenidən həbsi üçün apellyasiya protesti verilib
Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlu Nərimanov Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib. Ancaq dövlət ittihamçısı N. Dadaşovun yenidən həbs olunması üçün apellyasiya protesti verib.
Redaksiyamıza daxil olan məlumata görə, dekabr ayının 7-də Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının apellyasiya protestinə baxılacaq.
Xatırladaq ki, Nazim Dadaşov Bakı Ağır Cinayətlər məhkəməsinin 2014-cü il 7 aprel tarixli hokmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Dadaşov Nazim Balarza oğlunun torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində ondan 17.0 min manat məbləğində rüşvət tələb etməsi barədə müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə başlanıb. Belə ki, daxil olmuş müraciət əsasında idarənin əməkdaşları tərəfindən 6 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Dadaşov Bübülə qəsəbəsində idarə etdiyi "VAZ 2106" markalı 10 XE 635 dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhər sakinindən 8.0 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı N.Dadaşovun idarə etdiyi avtomobilin salonundan rüşvət kimi aldığı 8.0 min manat məbləğində pul, xidməti otağından isə ayrı-ayrı vətəndaşlara məxsus cinayət təqibi üçün əhəmiyyət kəsb edən sənədlər hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.
N.Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./aznews.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?