Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəsmisi Cəvahir Süleymanova Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxduğu barədə ÜST-yə istinadən yayılan məlumatlara münasibət bildirib.
C.Süleymanova virtualaz.org-a bildirib ki, hazırda Səhiyyə Nazirliyindədir, birgə verilən məlumatı yoxlayırlar: “Biz Avropa üzrə regional ofislə əlaqə saxladıq, aydınlaşdırdıq. Azərbaycanda “donuz qripi”nin olması haqda ÜST heç vaxt açıqlama verməyib, virusun olduğunu təsdiqləməyib. Bu, sadəcə, mövsümi viruslardır”, - Süleymanova deyib.
ÜST rəsmisi qeyd edib ki, təşkilatın Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı ötən həftə çıxış edərək “donuz qripi” ifadəsinin işlədilməməsini tövsiyə edib, Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verib. Harmancı da ölkədə mövsümi qriplərin olduğunu təsdiqləyib: “Sadəcə olaraq, mövsümi qriplərlə bağlı məlumat “donuz qripi” kimi təqdim olunub”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyiblər ki, Ümumdünya Səhiyyə Təşkilatına hər hansı bir məlumat təqdim olunmayıb.
Ölkənin baş infeksionisti Cəlal İsayev isə virtualaz.org-a deyib ki, təşkilatın belə bir məlumat yayması başa düşülən deyil. Ola bilər ki, yanlışlıq baş verib: “Səhiyyə Nazirliyi ölkədə “donuz qripi”nin olmasını təsdiqləməyib. Belə olduğu halda, Ümumdünya Səhiyyə Təşkilatına necə məlumat göndərilə bilər? İndiyədək yoxlanılan nümunələrin heç birində H1N1 virusu aşkarlanmayıb”, - İsayev qeyd edib.
Baş infeksionist onu da qeyd edib ki, “donuz qripi”nin heç bir spesifik xüsusiyyəti yoxdur. Adi qriplərdə olduğu kimi eyni klinik əlamətlərə, gedişə malikdir. “Bu qədər şişirtməyə ehtiyac yoxdur, “Donuz qripi” əvvəllər yayılmış quş qripindən zəifdir. Azərbaycanda epidemioloji vəziyyət sabitdir, narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, ÜST-nın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosunun həftəlik bülletenində Azərbaycanda aparılan müayinələrdə 16 halda А/H1N1 virusunun üzə çıxdığı qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?