Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror “Leyla Şıxlinskaya Klinikası”nın keçmiş işçilərinə iş istəyib.
Dövlət ittihamçısı sabiq baş mühasib Şəhla Abbasova və onun müavini Polad Əliyevə 9 il, mühasib Səkinə Qasımova, kassirlər Aytən Hüseynova, Nigar Rzaquliyeva və Mədinə Hüsiyevaya 5 il, Yelena Abdullayevaya isə 2 il həbs istəyib və onların məhkəmə zalından həbs olunmasını xahiş edib.
Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə irəli sürülmüş ittiham təsdiqini tapıb.
“Leyla Şıxlinskaya Klinikası”nın keçmiş işçiləri, şəxsən aktrisa Leyla Şıxlinskayanın özünün şikayəti əsasında məsuliyyətə cəlb olunub. Cinayət işi üzrə məhkəmə bir ildən çoxdur davam edir. Aktrisa Şıxlinskaya işçiləri klinikanın 800 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham edir.
Klininkanın keçmiş işçiləri özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə bildiriblər ki, məvaciblərin az göstərilməsi, sənədlərdə məbləğlərin aşağı salınması halları birbaşa Şıxlinskayanın özünün göstərişilə baş verib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, Leyla Şıxlinskaya vergidən yayınmaq məqsədilə sənədlərdə rəqəmlərin daha aşağı göstərilməsini tapşırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?