Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hüseyn Əliyev ifadə verib.
O bildirib ki, klinikanın kompüter sisteminə müdaxilə etmək mümkün deyildi.
Digər şahid Səhra Salamova ifadəsində deyib ki, klinikanın əməkdaşıdır. Onun sözlərinə görə, klinikaya alqı-satqılar apteklər vasitəsilə həyata keçirilirdi və pullar kassadan ödənilirdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”./APA
Sorğu
Yeni dizaynımız necədir?