Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və ev dustaqlığında olan Svetlana Əsədullayeva da ifadə verib.
O, ixtisasca mühəndis olduğunu söyləyib və qeyd edib ki, Dünyamin Xəlilovun "General Construction" şirkətində işləyib.
Əsədullayeva Dünyamin Xəlilovun köməkçisi olduğunu, ona çay apardığını deyib: "Sonra Dünyamin Xəlilov məni "Deltaline" şirkətinə direktor təyin etdi. Adıma Beynəlxalq Bankdan 5 milyon 308 min manat kredit ayrıldı. Mən sadəcə sənədlərə qol çəkmişəm".
Xatırladaq ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrokredit bank və Vergilər Nazirliyi tanınıb.
Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayət-zadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib.
Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il cəza alıb.
Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur. Onlar barəsində mənimsənmə ittihamı irəli sürülüb.
Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.//musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?