Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclaslarında qaldırılan vəsatətlər elan olunub.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası fevralın 4-nə təyin edilib.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan öncə Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, Dünyamin Xəlilov 13 il və İsmayıl Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə Hidayət-zadənin cəzasını 5 ilə endirib.
Sorğu
Yeni dizaynımız necədir?