Bakının Qaradağ rayon Məhkəməsi hakim Fuad Hüseynovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirini 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalında azadlığa buraxılıb.
Əbülfəz Sadıqbəyli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ittiham üzrə özünü günahkar saymır.
“Adım keçən cinayət işi ilə yaxından və uzaqdan heç bir əlaqəm olmadığı halda aylardı ki, qanusuz olaraq həbsdə saxlanılıram. Bu cinayət işində cinayətkar da, zərərçəkən də bəllidir. Ən böyük zərərçəkən elə mən özüməm. Buna baxmayaraq, mən və əmim oğlu cinayət məsuliyyətinə cəlb olunduq, barəmizdə şərti azadlıqdan məhrumetmə cəzası seçildi,” o qeyd edib.
O bəraət alması üçün bütün hüquqi prosedurları həyata keçirəcəyini bildirib.
“Həbsim siyasi fəaliyyətimlə balıdır və siyasi sifarişdir”, Müsavat Partiyası Gənclər Təşkilatının sədri deyib.
2018-ci ilin noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində həbs qətimkan tədbiri seçib.
Əbülfəz Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
O, "Nikoil" bankın adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
Müsavat Partiyasının fəalı ittihamı qəbul etmir. Müsavat Partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
Öz növbəsində, rəsmi Bakı insanların siyasi fəaliyyətinə görə təqib edilmədiyini, qanun qaşısında bərabər olduğnu bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?