Bakı Apellyasiya Məhkəməsi noyabrın 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbsi ilə bağlı apellyasiya şikayətinə baxmalıdır.
Bunu AzadliqRadiosuna müsavatçının vəkili Osman Kazımov deyib.
Apellyasiya şikayətində onun həbsinin əsassız olduğu qeyd edilir və gənc müsavatçının azdlığa buraxılması istənilir.
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Əbülfəz Sadıqbəyliyə cinayət məcəlləsinin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.
O, "Nikoil" bank adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, gənc fəal bankın kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.
"O arayışı Əbülfəz Sadıqlı özü hazırlamayıb, bankdan alıb. Bankın möhürü Əbülfəzdə nə gəzirdi ki, belə arayış da hazırlaya bilsin? Ekspertizanın da rəyi var ki, sənəddəki möhür də, imza da saxta deyil, bircə reyestr-qeydiyyat nömrəsi uyğun gəlmir. Araşdırmalıdırlar ki, o sənədi bankın daxilində kim hazırlayıb. Əgər arayış saxta olubsa, bu üç il ərzində niyə bank tələb etməyib ki, borcunu ödəsin, niyə məhkəməyə müraciət etməyib? Deməli, həqiqətən Əbülfəz pulu banka ödəyib və arayışı alıb" - deyə, Əbülfəz Sadıqlının qardaşı Vasif Sadıqbəyli AzadlıqRadiosu-na bildirmişdi.
Gənc Müsavatçı ittihamı qəbul etmir. Müsavat partiyası da bəyanat verərək həbsin siyasi motivlərlə gerçəkləşdirildiyini bəyan edib.
Onun və yaxınlarının bu fikirlərinə, hələlik, nə bankın təmsilçilərindən, nə də hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olub.
Ancaq rəsmilər bütünlükdə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?